Bakı Mühəndislik Universiteti (BMU) UNESCO-nun illik hesabatında yer alıb və universitetdə elmin kommersiyalaşdırılması, startapların inkişafı ilə bağlı görülən işlər sənəddə qeyd olunub. Belə ki, hesabatın Azərbaycan Respublikasına aid olan bölməsində “Yeni Fikir” startap müsabiqəsinin BMU-nun təşkilatçılığı və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə həyata keçirildiyi vurğulanıb.
İllik hesabatda innovativ sahibkarlığın, təşəbbüskarlığın və startapların inkişafını təşviq edən və dəstəkləyən “Yeni Fikir” startap müsabiqəsinin 100 layihəyə dəstək verməsi və bunlardan 35 layihəyə inkubasiya xidmətləri göstərməsi diqqətə çatdırılıb.
Bununla yanaşı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən dəstəklənən “Ağıllı Körpü” və “Rəqəmsal Hökumətin Təşviqi” kimi təşəbbüslərin texnologiya transferi, universitet ilə iş birliyi və elektron idarəetmə ehtiyaclarının araşdırılması qabiliyyətini artırmağa çalışması göstərilib. Elmin və innovasiyanın meydana gəlməsi ilə bağlı fəaliyyətlər birbaşa olaraq məhdud qalsa da, təşəbbüslərin texnologiyanın inkişafını təbliğ etməyə yönəlməsinin diqqət cəlb etməsi hesabatda yer alıb.
UNESCO-nun dünya ölkələrində elmin inkişafını, o cümlədən elmin kommersiyalaşdırılması və startapların inkişafı göstəricilərini əks etdirən hesabatında yeni dünya trendlərinin prioritetləri olan innovasiya iqtisadiyyatının başlıca parametrlərindən olan elmin inkişafı məsələlərinə geniş yer ayrılıb.
Hesabatda Azərbaycan Respublikası ilə bağlı göstəricilər də əks olunub. Belə ki, 700 səhifədən çox həcmə malik hesabatın 332-335-ci səhifələrində Azərbaycan Respublikası haqqında göstəricilər və təhlillər haqqında məlumat verilir. Ölkəmiz haqqında məlumatlar Qara dəniz hövzəsi ölkələri ilə müqayisəli şəkildə göstərilir. Hesabatda elmi-tədqiqatlar, o cümlədən elmi nəşrlər, elmin kommersiyalaşdırılması, elmi-tədqiqat nəticələrinin iqtisadiyyata tətbiqi, universitet-sənaye əməkdaşlığı və sair bu kimi məqamlar haqqında müqayisəli məlumatlar verilir.
UNESCO-nun illik hesabatı ilə buradan tanış olmaq mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi