Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi əməkdaşlarının BMU-da məlumat sessiyası

17 Aprel 2025
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi əməkdaşlarının BMU-da məlumat sessiyası

Bakı Mühəndislik Universitetində (BMU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən məlumat sessiyası keçirilib.

Universitetin İnformasiya və kompüter texnologiyaları fakültəsi tələbələrinin iştirak etdiyi tədbirdə öncə BMU Texnoparkının müdiri Vüsal Süleymanlı ali təhsil ocağında texnologiya və innovasiya sahəsində görülən işlər barədə məlumat verib. Eyni zamanda tədbirin təşkilində məqsədin tələbələrin kibertəhlükəsizlik sahəsində maariflənməsi, təlim və karyera imkanları ilə tanışlığı, həmçinin gələcək peşə inkişafı üçün bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu bildirib.

Sonra Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin mentorları-Nemət Rəhimli, Mehriban Kərimova və Abdulvahab Poladzadə mövzuya dair təqdimatla çıxış ediblər. Təqdimatlarda mərkəzin fəaliyyəti və həyata keçirdiyi təlim proqramlarından geniş bəhs olunub, eləcə də aprel ayının 7-dən etibarən qeydiyyatı açıq elan edilən yeni təlim, bu təlimin istiqamətləri və iştirakçılar üçün nəzərdə tutulan sertifikatlaşdırma, praktiki bilik imkanları haqqında zəruri məlumatlar diqqətə çatdırılıb.

Tədbirdə o da vurğulanıb ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə BMU arasında əməkdaşlıq və gənclərin bu sahəyə olan marağının artırılması istiqamətində birgə təşəbbüslər davam etdiriləcək.

Təqdimat sessiyasının sonunda tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər