Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Beynəlxalq Bankın IBA Tech Akademiyasının nümayəndələrinin tələbələrlə görüşü keçirilib.
Görüşdə BMU-nun Elmi işlər üzrə prorektoru Elçin Suleymanov universitetin fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, universitetdə əksəriyyəti ingilis dilində olmaqla mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Tələbələrin ixtisaslarına ingilis dilində yiyələndikləri üçün beynəlxalq təhsil proqramlarında, olimpiadalarda və layihələrdə həmişə uğur qazandıqlarını da nəzərə çatdırıb.
Beynəlxalq Bankın idarə heyətinin sədrinin müşaviri Zaur Ələkbərov çıxış edərək tələbələri salamlayıb və görüşün təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib. Zaur Ələkbərov qeyd edib ki, Akademiyanın yaradılmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq. CISCO, WiX, SIGMA və s. bu kimi qurumlar təmsil olunan və IT təhsili sahəsində bir çox qlobal şirkətlərə tərəfdaşlıq köməyi göstərən “DAN.IT” mərkəzi də Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihənin icrasında yaxından iştirak edəcək. IBA Tech Akademiyasına sentyabrın 9-dan qəbul başlayıb və proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlər isə oktyabrın 10-dan Bakıda keçiriləcək.
“DAN.IT” mərkəzinin nümayəndələri isə bildirib ki, TELEM metodikasının prinsiplərinə görə, IBA Tech Akademiyasına müraciət edən şəxslərin texniki təhsilli şəxslər olması mütləq şərt deyil. Çünki burada hər kəs sıfırdan başlayaraq öyrədiləcək. Tədbirdə o da vurğulanıb ki, burada təhsil almaq istəyən şəxslərin adekvat məntiqi təfəkkürə malik olması, yüksək texnologiyalara maraq göstərməsi, öyrəndiklərini təcrübədə tətbiq etmək marağı çox mühümdür. Çıxış edənlər tələbələrin əsl peşəkarlar kimi yetişdirərək uğurlu karyera qurmalarına kömək göstərə biləcəklərini qeyd ediblər.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.