Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir

18 Noyabr 2025
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir

Özbəkistan Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan  Andican Dövlət Texniki İnstitutunun (ADTİ) 9 nəfərdən ibarət nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir. 

Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan ilə  Özbəkistan xalqları arasındakı dostluq və qardaşlıq əlaqələrinin əsrlərə dayandığını bildirib. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm addımları önə çəkən rektor səmimi, isti münasibətlərin iki ölkənin təhsil və elmi sahədə əməkdaşlığına  geniş imkanlar yaratdığını vurğulayıb. Yaqub Piriyev BMU-nun son illərdə güclənən beynəlxalq əlaqələrinə, nüfuzlu reytinqlərdə irəliləməsinə toxunub, həmçinin Cənubi Koreya və Çin universitetləri ilə birgə ikili diplom proqramlarının uğurla icra olunduğunu diqqətə çatdırıb. Rektor universitetin beynəlxalq əməkdaşlıq strategiyasında Mərkəzi Asiyanın qabaqcıl ali məktəblərinə önəm verildiyini deyərək bu ilin mayında Andican şəhərində Birinci Rektorlar Forumu çərçivəsində BMU ilə Özbəkistanın 3 universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsini xatırladıb. Onlardan biri kimi ADTİ ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində atılan konkret addımları müsbət qiymətləndirib.

ADTİ-nin nümayəndələri səmimi qəbula görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildirib və təmsil etdikləri ali məktəb haqqında geniş təqdimatla çıxış ediblər. Qeyd olunub ki, BMU-ya səfər (17-24 noyabr) və birgə gerçəkləşdirilən peşəkar təcrübə proqramı iki universitet arasında əlaqələrin inkişafına daha geniş imkanlar açacaq. Proqrama əsasən, ADTİ nümayəndələrinin BMU-da mühazirələr təqdim edəcəyi, tədris metodikası və akademik idarəetmə sahəsində təcrübə mübadiləsinin aparılacağı, habelə bu proqramın mühəndislik təhsilinin inkişafına, tədris prosesinin təkmilləşdirilməsinə, eləcə də elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.

Sonra iki ali məktəb arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın inkişafını nəzərdə tutan 2025-2030-cu illər üzrə yol xəritəsindən irəli gələn məsələlər müzakirə edilib. Eyni zamanda birgə tədris proqramları, tələbə-müəllim mübadiləsi, elmi layihələrin icrası və texnoloji təşəbbüslərin inkişafı ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyətinin BMU-nun fakültələri, laboratoriyaları ilə tanış olması, habelə tədris metodlarının təkmilləşdirilməsi, avtomobil mühəndisliyi, nəqliyyat logistikası və akademik idarəetmə sahələrində əməkdaşlığın gücləndirilməsi yönündə birgə işin aparılması nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər