Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) və İdarəetmə Sistemləri İnstitutunun elan etdiyi müsabiqə ilə bağlı tələbələrlə görüş keçirilib.
BMU-nun Texnopark və İnnovasiya Mərkəzində baş tutan görüşdə bildirilib ki, BMU-nun AMEA-nın adıçəkilən strukturları ilə əsası qoyulan yeni əməkdaşlıq tədris prosesinə, elmin inteqrasiyasına, tələbələrin elmin incəliklərinə yiyələnməsinə, yeni elmi nəticələrin alınmasına və onların kommersiyalaşdırılmasına xidmət edəcək.
Müsabiqənin 2 istiqamət – informasiya kommunikasiya texnologiyaları və dəqiq elmlər (riyaziyyat, fizika) üzrə aparıldığı tələbələrin diqqətinə çatdırılıb. Seçim AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, 9 oktyabr 2019-cu il tarixində BMU və AMEA-nın SETM, eləcə də İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə uyğun olaraq BMU-nun tələbələri üçün AMEA-nın struktur bölmələrinə daxil olan institutlarında və Yüksək Texnologiyalar Parkında onların müxtəlif rezident laboratoriyalarında gənc mühəndis kimi həm işləmək, həm də təcrübə qazanmaq imkanı yaranıb.
İctimaiyyətlə əlaqələr şöbəsi