Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllim heyəti Bakı Mühəndislik Universiteti (BMU) ilə yaxından tanış olublar.
Şagirdlərə gənc ail təhsil ocağı olan BMU-nun qazandığı nailiyyətlər, fəaliyyət istiqamətləri, həmçinin universitetin müasir infrastruktura malik maddi-texniki bazası, laboratoriyaları haqqında ətraflı məlumat verilib. Məktəblilərə universitetin ayrı-ayrı fakültələri, eləcə də burada tədris olunan ixtisasların karyera seçimində və əmək bazarındakı üstünlükləri geniş izah edilib.
Sonra məktəblilər ali təhsil ocağını gəzib, buradakı tədris prosesi və elmi araşdırmaların istiqamətləri haqqında informasiyalar əldə ediblər. Şagirdlərə BMU-nun Kimya və kimya mühəndisliyi, Biologiya, Fizika, Kompüter və informasiya texnologiyaları laboratoriyaları, eyni zamanda Texnopark ilə yaxından tanış olmaq imkanı yaradılıb. Məktəblilər laboratoriyalarda aparılan təcrübələri əyani şəkildə izləyiblər.
Universitet mühiti ilə yaxından tanışlığın ali məktəblərə hazırlaşan yuxarı sinif şagirdlərinin ixtisas seçimində və gələcək karyera imkanlarının müəyyənləşdirilməsində böyük rol oynadığını deyən orta məktəbin müəllimləri universitet-məktəb əlaqələrinin bundan sonra da davam etdirilməsinin vacib olduğunu bildiriblər.
Ekskursiya zamanı BMU müəllimləri məktəbliləri maraqlandıran sualları ətraflı cavablandırıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi