Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) qəbul prosesi bu ildən etibarən yenidən başlayır.
BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 2020-ci ildən həyata keçirilir. Prezident İlham Əliyevin ötən həftə imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb və beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb.
Sərəncama əsasən, BMU-İNHA İDP-yə 2025/2026-cı tədris ili üçün “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılması planlaşdırılır. Proqramın tədrisi 3+1 modelinə əsaslanaraq, 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Azərbaycan Respublikasının Dövlət Neft Fondunun bu məqsədlə ayırdığı vəsait hesabına qarşılanır. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.
Tam dövlət təqaüdlü proqrama qəbul prosesi, müraciət və daxili imtahan qaydaları haqqında məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi