Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə “Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi” adlı vebinar keçiriləcək. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.
19 may 2021-ci il tarixində saat 19:00-da baş tutacaq vebinar Koreyada mühəndislik üzrə təhsil almış Orxan Kərimzadə tərəfindən aparılacaq.
Vebinarda Bakı Mühəndislik Universiteti (BMU) ilə İnha Universiteti arasında icra olunan ikili diplom proqramı, həmçinin tədris olunacaq ixtisaslar haqqında qısa məlumat veriləcək. Bununla yanaşı, tədbir innovativ inkişafda mühəndis tədqiqatlarının əsas roluna fokuslanacaq. Vebinar zamanı dünyada və Azərbaycanda elmi-tədqiqat müəssisəsinin qarşısında duran problem və çətinliklər, elmi-tədqiqatların gücləndirilməsi, sənaye yönümlü tədqiqatların aparılması və bu prosesdə ali təhsil müəssisələrinin rolu da müzakirə olunacaq.
Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün yerlər məhdud saydadır. İştirak etmək üçün 16 may 2021-ci il saat 18.00-a kimi https://bit.ly/3vPl6V2 linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Məlumat üçün bildirək ki, vebinarda spiker qismində çıxış edəcək O.Kərimzadə Roma Sapienza Universitetində Elektrik, elektronika və nanotexnologiya mühəndisliyi üzrə doktorantura təhsili alıb. O, hal-hazırda günəş elektrik stansiyaları üçün GaN (Gallium nitrate) əsaslı inverterlərin layihələndirilməsi üzərində çalışır. O.Kərimzadə bakalavr təhsilini Cənubi Koreyanın KAIST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə alıb. Daha sonra London İmperial Kollecində Bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura təhsilini davam etdirib. 2016-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsində dekan müavini, ADA Universitetində isə müəllim kimi çalışıb. 2019-cu ildə isə Yaponiyanın “Hitachi” şirkətində qonaq tədqiqatçı kimi işləyib. Bundan əlavə, O.Kərimzadə bir kitab və 12 elmi məqalənin həmmüəllifidir.