Bakı Mühəndislik Universiteti (BMU) və “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlar davam edir.
Növbəti vebinar 22 iyul 2021-ci il saat 16:00-da “İT mühəndisliyinin perspektivləri: şirkətlərdə rəqəmsal transformasiya” mövzusunda keçiriləcək. Vebinar BMU-nun rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
Vebinarın keçirilməsində əsas məqsəd İnformasiya texnologiyaları ixtisasının gələcək perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində İnformasiya texnologiyaları ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir. Vebinar ikili diplom proqramı çərçivəsində İnformasiya texnologiyaları ixtisasının təşviqatı üçün nəzərdə tutulub.
Tədbirdə spiker qismində 15 il informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində təcrübəyə sahib olan, “Sourced Agile” şirkətinin təsisçisi və icraçı direktoru Anar Rüstəmov çıxış edəcək.
A.Rüstəmov 2001-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olub. Bakalavr təhsilini 2005-ci ildə başa vuraraq, elə həmin il eyni universitetdə “Ehtimal nəzəriyyəsi və Stoxastik proseslər” üzrə magistr təhsili alıb. İkinci magistr dərəcəsini TEMEP (Telecommunication Management and Economy Policy) proqramı üzrə Cənubi Koreyada, Seul Milli Universitetində alıb (2009-2011). 2014-cü ildə sistemli analiz istiqaməti üzrə dissertasiya işini müdafiə edərək Texnika üzrə Fəlsəfə Doktoru (PhD) elmi adını qazanıb. 2014-cü ildə Macarıstanın Debrecen Universitetində elmi-tədqiqat işini davam etdirib.
Hal-hazırda məhsulların prototipinin hazırlanmasında sistem və kütləvi xidmət nəzəriyyəsinin tətbiqi ilə məşğuldur. Eyni zamanda, sistem və kütləvi xidmət nəzəriyyəsinin Agile idarəetməyə tətbiqinin elmi və praktik məsələləri ilə məşğuldur. Karyerası müddətində Cybernet MMC, Azercell MMC, Koç Sistem Azərbaycan MMC, ADA Universiteti və BMU-da müxtəlif vəzifələrdə işləyib. Uzun illərdir startup layihələri ilə məşğuldur. Beynəlxalq və yerli jurnallarda 20-dən çox elmi məqalələri çap edilib.