Bakı Mühəndislik Universitetində (Yeni bina Akt zalı) SOCAR-ın əməkdaşları ilə tələbələrin görüşü keçiriləcək. 21 oktyabr saat 12:30-da keçiriləcək görüşdə həm Gənc İstedadlar Proqramı haqqında, həm də Sizi maraqlandıran digər sualları şirkət nümayəndələrinə verə bilərsiniz.
Görüşdə iştirak üçün qeydiyyat formunu doldurmağınız mütləqdir: https://forms.gle/g7o5H6DqWBwRVBVz7
Proqram sizə nə vəd edir?
Proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, ixtisas biliklərinin və davranış səriştələrinin inkişafı üçün təşkil olunan təlimlərə qatılmaq, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.
Gənc İstedadlar Proqramına kimlər müraciət edə bilər?
Proqrama aşağıdakı ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr pilləsinin sonuncu kursunda və magistratura pilləsində təhsil alan, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər. Proqrama iddiaçı olan gənclər aşağıda qeyd edilən tələblərə cavab verməlidir:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Yaşı 29-dək olmalı;
- İxtisaslar: Kimya mühəndisliyi, energetika mühəndisliyi, proseslərin avtomatlaşdırılması, İT, mexanika, iqtisadiyyat və idarəetmə ixtisasları;
- Bakalavr ixtisası müraciət etdiyi ixtisasa uyğun olmayan, ixtisasını dəyişmiş tələbələr magistaturanın ikinci kursunda təhsil almalıdır;
- Proqram dövründə SOCAR və ya digər bir işəgötürənlə əmək münasibətlərində olmamalıdır;
- Namizədin cari proqram dövrü ərzində yalnız bir elektron müraciəti nəzərə alınır və bir ixtisas üzrə namizədliyi qəbul edilir.
Müraciət edən məzunların təhsil müəssisəsinin təqdim etdiyi rəsmi transkriptə əsasən CumGPA 2.5-dən yuxarı, digər qiymətləndirmə sistemində isə 75%-dən yüksək olmalıdır. Müraciətçilər universitetdən alınmış rəsmi transkripti qoşmaya əlavə etməlidir. Təhsilini davam etdirən tələbələrin transkriptində müraciət dövründən əvvəlki semesterin qiymətləri mütləq şəkildə nəzərə alınmalıdır.
Seçim prosesi hansı mərhələlərdən ibarətdir?
Seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
I mərhələ : Müraciət edən gənclərin məntiqi təfəkkür və ingilis dili biliklərinin yoxlanılması məqsədilə test imtahanı təşkil edilir.
II mərhələ : İxtisas qrupları üzrə test imtahanından müvafiq keçid balını toplayan gənclər üçün müsahibələr təşkil olunur.
Qeyd: Proqrama müraciət hələ aktiv edilməyib. Aktiv olan zaman sizinlə bölüşüləcək.