Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) nümayəndələri ilə görüşüb.
Görüşdə Havar Məmmədov BMU-nun gənc universtitet olmasına baxmayaraq, artıq ölkənin aparıcı ali təhsil müəssisələri sırasında yer aldığını, fəaliyyətini beynəlxalq əlaqələrin daha da genişləndirilməsi, müasir standartların tətbiqi üzərində qurduğunu qeyd edib. Rektor BMU-nun müasir maddi-texniki bazası, eyni zamanda elektron təhsil mühiti, ingilis dilinə üstünlük verən tədris sistemi, təhsilin yüksək keyfiyyətdə tədrisi, BMU ilə Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramının icrası və s. haqda qonaqlara ətraflı məlumat verib.
Universitetdə təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində görülən işləri də nəzərə çatdıran rektor BMU-nun beynəlxalq akkreditasiyaya göstərdiyi maraqdan söz açaraq, bu prosedurlara hazır olduğunu bildirib. Beynəlxalq akkreditasiya prosesinin əhəmiyyətini önə çəkən Havar Məmmədov bunun ali təhsil ocaqları üçün (təhsilin keyfiyyətinin artırılması, beynəlxalq nüfuzun yüksəldilməsi, xarici tələbələrin qəbulu, xarici ölkələrdə diplomların tanınması və s.) üstünlüklərini vurğulayıb.
IAAR-ın məsləhətçisi, professor Olqa Yanovskaya təmsil etdiyi təşkilatın fəaliyyəti haqda zəruri informasiyalara toxunub. Bildirib ki, IAAR təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya agentliyi kimi 2011-ci ildə yaradılıb. Agentlik Avropa Keyfiyyət Təminatı Reyestrinə (EQAR) daxil olmaqla yanaşı, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvüdür.
Beynəlxalq akkreditasiyanın əsas prinsiplərini diqqətə çatdıran O.Yanovskaya deyib ki, bu, təhsilin keyfiyyətini təmin etmək üçün dünyada ən geniş yayılmış, effektiv modeldir. Akkreditasiyanın rəqabət üstünlüklərinə gəlincə, bunun universitetlərə geniş imkanlar qazandırdığını söyləyən IAAR-ın təmsilçisi bu sırada yüksək keyfiyyətli təhsil və xidmətlərin təminatının təsdiqi olaraq ali təhsil müəssisəsi tərəfindən verilən kvalifikasiyanın beynəlxalq səviyyədə tanınmasını, qlobal təhsil məkanına inteqrasiya imkanlarının genişlənməsini, beynəlxalq təhsil mühitində universitetlərin nüfuzunun artmasını qeyd edib.
BMU müəllimlərinin Agentlik tərəfindən təşkil olunan seminarlara qatılması ilə bağlı istəyini də dilə gətirən O.Yanovskaya bildirib ki, təlimləri başa vuran seminar iştirakçıları akkreditasiya üzrə beynəlxalq ekspert kimi qurumun bazasında yer ala bilərlər.
Görüşdə IAAR-da beynəlxalq əməkdaşlıq üzrə Baş direktorun müavini Timur Kanapyanov, Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev çıxış edərək, qlobal reallıqlar fonunda beynəlxalq akkreditasiyanın önəmindən bəhs ediblər.
Tədbir beynəlxalq akkreditasiyanın əsas prinsipləri və mərhələləri ilə bağlı müəllimləri maraqlandıran sualların cavablandırlması və qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi