Jung Ho Kim: “BMU-İNHA ikili diplom proqramı genişləndirilə bilər”
Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında artıq 2-ci ildir ki, bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı həyata keçirilir. Proqram çərçivəsində ötən tədris ilində görülən işlər, həmçinin gələcəkdə qarşıda duran məsələləri müzakirə etmək məqsədilə İNHA Universitetinin nümayəndələri BMU-da olublar. İNHA Universitetinin Qlobal təhsil layihə idarəetmə qrupunun dekanı Jung Ho Kim, dekan müavini Seungwoo Han, Beynəlxalq qəbul üzrə dekan müavini Kang Cheonghoon proqram barədə sualları cavablandırıblar:
-Cənab Jung Ho Kim, ilk olaraq sizin ikili diplom proqramının əhəmiyyəti barədə fikirlərinizi öyrənmək istərdik.
- İkili diplom proqramı həm Azərbaycan, həm Koreya üçün mühüm əhəmiyyət kəsb edir. Öncə Azərbaycan tərəfdən üstünlükləri qeyd etmək istərdim. Belə ki, Azərbaycan təhsil sistemi ilə Koreya təhsil sistemi arasında fərqliliyin mövcud olması və Koreyanın təhsil sisteminin Azərbaycan təhsil sisteminə töhfə verməsi, eləcə də azərbaycanlı tələbələrin Koreyada təhsilinin təmin edilməsi Azərbaycan üçün vacib əhəmiyyət daşıyır. Proqramın Koreya tərəfdən əhəmiyyətindən danışarkən qeyd edim ki, son illər Koreyada Azərbaycana olan maraq daha da artıb. Azərbaycan mədəniyyətinin öyrənilməsi, həmçinin gələcəkdə azərbaycanlı tələbələrin Koreyaya göndərilməsi iki ölkə arasında təhsil mübadiləsinin həyata keçirilməsi bizim üçün vacib əhəmiyyət daşıyır.
Onu da vurğulamaq istərdim ki, Amerika və Avropa ölkələrindən fərqli olaraq Koreyada universitetin və müəllimlərin tələbələrə qarşı münasibəti fərqlidir. Belə ki, kurikulum (tədris planı) hər il öz-özlüyündə cəmiyyətə uyğun dəyişir, yəni cəmiyyətin tələbləri əsas götürülərək kurikulum hazırlanır. Həmçinin, Koreyada hər bir professorun tələbəyə qarşı münasibəti, müəllimlərin tələbələrlə münasibəti, Tədris şöbəsinin tələbələrlə məşğul olması, eləcə də hər şeyin sistem üzərindən aparılması Koreyanı digər ölkələrdən fərqləndirir.
- BMU ilə birgə icra olunan ikili diplom proqramının əsas hədəfi nədir?
- Proqramın hədəfi 4 ixtisas - İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim tədris texnologiyalardan yararlanaraq Azərbaycan üçün XXI əsrin tələblərinə cavab verən yeni nəsil mütəxxəssislərin yetişdirilməsidir. Bununla yanaşı, Koreya təhsilinin Azərbaycanda tanıdılması, Koreya sisteminin Azərbaycanda tətbiq edilməsi, həmçinin hər 2 ölkə haqqında olan anlayışların artırılmasıdır.
- Proqramın gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulurmu?
- Proqramın genişləndirilməsi ilə müəyyən danışıqlar gedir və ümid edirik ki, bu gələcəkdə reallaşacaq. Proqramın genişləndirilməsindən əlavə, tələbələr gələcəkdə Koreyada qalaraq magistratura və doktorantura təhsillərini təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.
- Hazırda İNHA Universiteti hansı ölkələrlə bu cür proqramlar həyata keçirir?
-Hal-hazırda İNHA Universiteti Çində 3 böyük layihə həyata keçiririr. Bundan əlavə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Vyetnam, Tayland kimi ölkələrdə bu tipli proqramlar mövcuddur. Eyni zamanda, İNHA Universitetinin 2014-cü ildə əsası qoyulan Özbəkistan filialı da fəaliyyət göstərir.
- Azərbaycanın təhsil sistemi ilə Koreyanın təhsil sistemi arasında hansı fərqli cəhətlər vardır?
- Qeyd etmək istərdim ki, Azərbaycanda hazırda tələbə yönümlü təhsil deyil, professor yönümlü təhsil üstünlük təşkil edir. Belə ki, fənnin hansı formada tədris olunması və müəllimlərin seçilməsi prosesində tələbələr iştirak etmir. Vurğulamaq istərdim ki, bu kimi məsələlər Koreyada olarsa, həmin universitetə qəbul olan tələbə sayı da az olar.
Koreyada isə Azərbaycandan fərqli olaraq tələbəyə yönümlü təhsildir. Belə ki, tələbələr universitetə daxil olduğu ilk gündən tədris olunacaq bütün fənnlər seçmə formasında onlara təqdim edilir və tələbələr onların içərisindən müəyyən fənnləri öz istəyinə əsasən seçir. Bununla da tələbə təhsil alacağı ixtisas sahəsi üzrə daha təkmilləşir və öz ixtisasını daha dərindən mənimsəyir. Məlumat üçün bildirim ki, Koreyada I kursdan IV kursa qədər demək olar ki, seçmə fənnlərdir. Düşünürük ki, gələcəkdə Azərbaycanın təhsil sistemində müəyyən dəyişikliklər olsa və tələbəni daha çox hədəfləyən təhsil sisteminə çevrilərsə, daha yaxşı nəticələr əldə etmək olar.
Bir məsələni də diqqətinizə çatdırmaq istərdim ki, Koreyada professor-müəllimlər hər bir tələbənin gələcəyi ilə bağlı müəyyən problemləri həll etmək məqsədilə onlarla bu məsələləri müzakirə edir, məsləhətlər verir. Azərbaycanlı tələbələrə koreyalı professor-müəllimlərin bu xüsusiyyətindən istifadə etmələrini tövsiyə edirəm.
- Artıq ölkəmizlə sıx təmaslarınız var. Bu baxımdan Azərbaycan barədə təəssüratlarınızı da öyrənmək istərdik.
- Avropa ölkələrini gəzərkən hiss etmədiyimiz istiliyi, qonaqpərvərliyi, mehribanlığı, xaricilərə sərhəd qoyulmamasını Azərbaycanda hiss etdik. Azərbaycan və Koreya uzaq ölkələr olsalar da, mədəniyyət və insan əlaqələri cəhətdən çox yaxındırlar.
-Cənab Seungwoo Han və cənab Kang Cheonghoon, növbəti sualımızı hər ikinizə ünvanlamaq istərdik. Sizin iki ildir Azərbaycanlı tələbələrlə təmaslarınızı nəzərə alaraq məhz tələbələr barədə fikirlərinizi bilmək maraqlı olar.
Seungwoo Han: Yay zamanı ikili diplom proqramına əsasən imzalanmış müqavilə çərçivəsində təsdiqlənən tədris planına uyğun olaraq İnşaat mühəndisliyi ixtisası üzrə “Yaradıcı düşüncə və problem həlli” fənninin tədris edirdim. Düzünü desəm, Koreyada tələbələrin dərs ərzində daha çox sualları olur. Hətta o qədər çox sual olur ki, biz pofessorlar tələbələrin hər bir sualını cavablandırmaq üçün kitabxanada geniş araşdırmalar edirik. Azərbaycanlı tələbələr isə nisbətən sakitdirlər. Bəlkə də bu məsələ tədrisin onlayn keçilməsi ilə bağlı olub. Ənənəvi qaydada keçəcəyimiz dərslərdə daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram.
Kang Cheonghoon: Tələbələrlə bağlı ilk təəssüratım çox yaxşıdır. Biz çox ölkələrdə işləyirik, amma azərbaycanlı tələbələr sözə qulaq asan, yerini bilən, mehriban, sözün yaxşı mənasında sadədirlər. Bunu qəbul prosesi zamanı müşahidə etdim və ən çox xoşuma gələn məqamlardan biri də bu oldu. Düşünürəm ki, dərslər onlayn formada keçirildiyindən, həmçinin xarici müəllimlər olduğundan tələbələr sual verməyə çəkinirdilər. Amma sonda biz Whatsapp üzərindən qrup yaratdıq və orada tələbələrin aktivliyi özünü göstərirdi. İnanıram ki, ənənəvi tədris zamanı tələbələr daha çox aktiv olacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi