Bakı Mühəndislik Universiteti (BMU) və “2019-2023 Dövlət Proqramı”nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği ilə bağlı “Elektronika mühəndisliyində yeni trendlər: Bioelektronika və Kobotlar” mövzusunda vebinar keçirilib.
Vebinarın təşkil olunmasında əsas məqsəd elektronika mühəndisliyi ixtisasının gələcək perspektivlərinin müzakirəsi, həmçinin BMU ilə Cənubi Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində Elektronika mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir.
Vebinar Dövlət Proqramı İdarəetmə Qrupunun ikili diplom proqramları üzrə mütəxəssisi Tərlan Abbasovanun moderatorluğu ilə baş tutub. O, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında ümumi məlumat verib, dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə Azərbaycan ali təhsil müəssisələri arasında ölkə iqtisadiyyatı üçün prioritet sahələr üzrə beynəlxalq ikili diplom proqramlarının təsis olunmasından bəhs edib.
İlk spiker Rəqəmsal elektronika, Mühəndislər üçün proses nəzarəti, mikrokontroller, mekatronik sistemlərinə nəzarət kimi fənnlər üzrə baş müəllim vəzifəsində 4 illik, “Internet of Things” laboratoriyasının rəhbəri vəzifəsində 2 illik təcrübəyə malik və hazırda doktorantura dərəcəsində ABŞ-ın Şimali Karolina Dövlət Universitetində “Elektrik və kompüter mühəndisliyi” ixtisası üzrə təhsilini davam etdirən Abbas Əlili olub. O, “Bioelektronika və geyinilən biosensorlar” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, bioelektronika bioloji materiallardan və arxitekturalardan istifadə etməklə yeni informasiya emalı sistemlərinin və qurğularının yaradıldığı çox böyük sahədir. A.Əlili çıxışında bioelektronikanın sahələri, biosensorlara olan ən böyük tələblər, biomayelərin tərkibi, həmçinin epidermik geyinilən sensorlar barədə də məlumat verib.
Sonra robotika üzrə proqram rəhbəri vəzifəsində 3 illik təcrübəsi olan, həmçinin Azərbaycanda Robotlar və Avtomatlaşdırma Cəmiyyətinin təsisçisi və direktoru Bahadur İbrahimov “Kobotlar: Elektronika, robotlar və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib. O, Yapon şirkəti olan “Konica Minolta” haqqında məlumat verib, şirkətin dünya üzrə 45 minlik əməkdaşının olduğunu bildirib. B.İbrahimov elektronikanın inkişafı ilə robotlarla bağlı yeni dövrün başlandığını diqqətə çatdırıb. Sənaye robotlarının tarixindən danışan spiker sənaye robotlarının istehsal xərclərini azaltdığını, dəqiqliyi və məhsuldarlığı artırdığını nəzərə çatdırıb. Eyni zamanda, robot proqramlaşdırılması, kolloborativ robotlar və onların üstünlükləri, universal robotlar və onların üstünlükləri, COVID-19 pandemiyasının təsiri ilə yaranan toxunmama iqtisadiyyatı və toxunmadan proqramlaşdırma barədə məlumatları təqdim edib.
BMU-İNHA ikili diplom proqramı üzrə baş mütəxəssis Sevinc İsgəndərova proqrama ötən tədris ilindən start verildiyini xatırladıb. Proqramın 3+1 modeli əsasında qurulduğunu bildirən S.İsgəndərova qəbulun 4 ixtisas üzrə həyata keçirildiyini, proqrama ümumilikdə 100 nəfər abituriyentin qəbulunun nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid bal toplamalıdır. Daha sonra isə müraciət etmiş namizədlər BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi şifahi ingilis dili və fənn müsabiqəsindən (riyaziyyat və fizika) uğurla keçməlidir. O, imtahanların koreyalı professorlar tərəfindən keçirildiyini sözlərinə əlavə edib.
S.İsgəndərova təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərclərinin, eyni zamanda, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərclərinin də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılandığını vurğulayıb. Qeyd edib ki, tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. İmtahanlardan uğurla keçmiş tələbələr 4-cü akademik ildə təhsillərini Cənubi Koreyanın İnha Universitetində Koreya dilində davam etdirəcəklər.
S.İsgəndərova tələbələrlə yanaşı, universitetin professor-müəllim heyətinin proqram müddətində hər ixtisas üzrə 2 il ardıcıl olaraq Cənubi Koreyaya göndərilməsinin və İnha Universitetində onlara təlim keçirilməsinin də nəzərdə tutulduğunu bildirib.
İctimaiyyətlə əlaqələr şöbəsi