Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Mühəndislik Universiteti (BMU) və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın İdarəetmə Qrupunun birgə təşkilatçılığı ilə “Elektrik mühəndisliyinin gələcək perspektivləri” mövzusunda vebinar keçirilib.
Vebinarın keçirilməsində əsas məqsəd elektrik mühəndisliyi ixtisasının gələcək perspektivlərinin müzakirəsi, habelə Dövlət Proqramı çərçivəsində BMU ilə Cənubi Koreyanın İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində Elektrik mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir.
Vebinar Dövlət Proqramı İdarəetmə qrupunun əməkdaşı Könül Bədəlovanın moderatorluğu ilə baş tutub.
Tədbirdə spiker qismində neft-qaz sənayesində dəniz qurğuları, quru qurğularındakı elektrik sistemləri və avadanlıqları üzrə mühəndis elektrik kimi 11 il, əməliyyat risklərinin auditoru vəzifəsində isə 4 il təcrübəsi olan Fuad Soltanov çıxış edib. O, çıxışında bildirib ki, elektrik mühəndisləri elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı olan yerlərdə müxtəlif ixtisaslar üzrə çalışırlar. F.Soltanov energetiklərin elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılması, lazımi təmirlərin aparılması, yaranan problemlərin aradan qaldırılması və bu sistemlərin təhlükəsiz işləməsinin təmin edilməsi ilə məşğul olduqlarını vebinar iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin qeyd edib ki, elektrik enerjisi sistemlərində lazımi əlavə və dəyişmələrin edilməsi, eləcə də elektrik enerjisi sistemlərinin layihələşdirilməsi də energetiklərin öhdəsinə düşür.
Texnologiyanın inkişafı, eləcə də regionda və dünyada gedən proseslərin energetiklər üçün perspektivlər yaratdığını söyləyən F.Soltanov elektrik mühəndislərə çox böyük ehtiyac olduğunu vurğulayıb.
F.Soltanov 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfərdən sonra hökumətin azad olunmuş ərazilərlə bağlı ağıllı kənd və şəhərlərin tikilməsi planlarından söz açaraq həmin ərazilərdə elektrik mühəndislərə ehtiyac yaranacağını bildirib. Belə ki, burada bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı və elektrik enerjisindən qənaətlə istifadə üçün yeni infrastruktur layihələri nəzərdə tutulur.
O, çıxışında informasiya texnologiyaları sahəsində inkişafdan, qlobal istiləşmə proqnozlarından, həmçinin karbon qazı tullantısının azaldılması ilə bağlı ölkələrin üzərilərinə götürdükləri öhdəliklərdən söz açıb. Bununla yanaşı, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi əldə edilməsi məsələsinə də toxunub.
Çıxışının sonunda F.Soltanov BMU ilə İnha Universiteti arasında icra olunan ikili diplom proqramının əhəmiyyətindən söz açıb, elektrik mühəndisliyi sahəsində mütəxəssis olmaq istəyənlərin bu proqrama müraciət etmələrini vacib hesab edib.
BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli ikili diplom proqramı barədə ətraflı məlumat verib. O, proqramın 3+1 modeli əsasında qurulduğunu vurğulayaraq qeyd edib ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə İnha Universitetində təhsil alacaq və sonda iki diplom əldə edəcəklər. Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində ingilis dilindən əlavə olaraq müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün Koreya dili dərsləri tədris olunacaq. Onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. İmtahanlardan uğurla keçmiş tələbələr 4-cü akademik ildə təhsillərini Cənubi Koreyanın İnha Universitetində Koreya dilində davam etdirmək imkanına malik olacaqlar. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.
Proqramın üstünlüklərinə toxunan H.Cəfərli proqram məzunlarının beynəlxalq təcrübəni öyrənərək mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnəcəklərini bildirib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramında 4 ixtisas - İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisaslarında qəbul həyata keçirilir. Hər ixtisas üzrə 25 nəfər olmaqla ümumilikdə proqrama 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqram haqqında daha detallı məlumatı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linki vasitəsilə əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi