Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayev “Funksional sıxlıq nəzəriyyəsinin müxtəlif heterotsiklik birləşmələrin, poli-p-fenilendiamin və səthi aktiv maddələrin sintezinə tətbiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. Dosentin müvafiq sənədləri “Neft kimyası” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsinin alınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunub.
Dissertasiyanın mövzusu strateji sintezlərə (məsələn, bioyanacaq prekursorları, farmakofor maddələr, lubrikantlar, səthi aktiv maddələrin və karbon diokisdin çevrilməsi) funksional sıxlıq nəzəriyyəsinin (DFT) tətbiqinə əsaslanıb.
Yusif Abdullayev üzvi sintez sahəsi üzrə Turkiyənin Orta Doğu Texniki Universiteti, kompüter kimyası üzrə isə ABŞ-nin Emory və Buffalo universitetlərində postdokturantura keçib.
BMU aliminin dissertasiya işi üzrə 7-si tezis olmaqla 31 elmi əsəri, kimya elmləri doktorluğu dissertasiya işinə aid isə 20-dən çox elmi əsəri nəşr olunub. Məqalələrin əksəriyyəti “Web of Science” və “Scopus”-da indekslənən bir sıra nüfuzlu jurnallarda dərc edilib. Bu nəşrlər “Physical Chemistry Chemical Physic”, “ChemistrySelect, Wiley”, “Industrial & Engineering Chemistry Research”, “Journal of Computational Chemistry”, “Renewable Energy”, “Journal of Molecular Liquids” və s. kimi elmi mənbələrədə yer alıb.
İctimaiyyətlə əlaqələr şöbəsi