734 BEU students will have internship

734 BEU students will have internship

Bakı Mühəndislik Universitetinin (BMU) Təcrübə şöbəsi və İqtisadiyyat və idarəetmə fakültəsinin bakalavr tələbələrinin təcrübə rəhbərləri arasında onlayn iclas keçirilib.

Təcrübə şöbəsinin müdiri Həzi Qasımov indiyə qədər görülən işlər barədə məlumat verərək qeyd edib ki, təcrübələrin təşkili üçün Müəssisələrlə əlaqələr və karyera departamenti ilə birlikdə ixtisasların istiqamətləri nəzərə alınmaqla 60-a yaxın müəssisəyə məktublar göndərilib. H.Qasımov pandemiya vəziyyəti davam etdiyi halda, təcrübələrin təşkilində yaranan çətinliklərin müəssisələrlə müzakirə edilərək aradan qaldırılması məsələsini xüsusilə vurğulayıb.  Bildirib ki, təcrübələrin təşkili ilə əlaqədar iclaslar digər fakültələrdə də təşkil olunacaq.

Qeyd edək ki, İqtisadiyyat və idarəetmə fakültəsinin 2-ci kurs magistrantlarının elmi-tədqiqat təcrübəsi 2 dekabr 2020-ci il tarixində başa çatıb, elmi-pedaqoji təcrübələri isə 4 həftə olmaqla 30 dekabr 2020-ci ildə yekunlaşacaq. Payız semestrində təşkil olunan təcrübə proqramında Beynəlxalq iqtisadi münasibətlər, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatının idarə edilməsi (sahələr üzrə), Biznesin təşkili və idarə edilməsi, İstehsal sferasında mühasibat uçotu və audit, Dövlət strukturlarında menecment və Maliyyə menecmenti ixtisasları üzrə, ümumilikdə 60 magistrant iştirak edir.

Bakalavr təhsil pilləsində təhsil alan 4-cü kurs tələbələri isə yaz semestrində 14 həftəlik istehsalat təcrübəsinə göndəriləcək. BMU cari tədris ilində bəzi ixtisaslar üzrə, o cümlədən Mühəndis sistemlərinin tikintisi,  Memarlıq, Şəhərsalma, Ekologiya, Sistem, Elektroenergetika, Proseslərin avtomatlaşdırılması, Maşın, Logistika və nəqliyyat texnologiyaları, Sənaye mühəndislikləri ixtisasları üzrə ilk məzunlarının təcrübə keçmələri üçün müvafiq müəssisələrlə əlaqələr qurmaqdadır.

2020/2021-ci tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 334 tələbə, Memarlıq və inşaat fakültəsi üzrə 109 tələbə, Mühəndislik fakültəsi üzrə 252 tələbə, Tərcümə (ingilis dili üzrə) fakültəsi üzrə 39 tələbə, cəmi 734 tələbə istehsalat təcrübəsinə göndəriləcək.

Pedaqoji fakültə üzrə 191 tələbənin də pedaqoji təcrübəyə göndərilməsi nəzərdə tutulur. Sonuncu kurs bakalavr tələbələrin təcrübələri isə 16 fevral – 25 may 2021-ci il tarixlərində baş tutacaq.

Məlumat üçün bildirək ki, bəzi müəssisələr təcrübə proqramları sahəsində BMU ilə yaxından əməkdaşlıq edirlər. Onlardan biri “Esma Sənaye Qrupu” müəssisəsidir. Bu müəssisə neft-mədən avadanlıqlarının idxalı və quraşdırılması sahəsində fəaliyyət göstərir. Hazırda tələbələrin təcrübəyə seçim mərhələsi davam edir. Təcrübəni müvəffəqiyyətlə başa vuran tələbələrə isə iş təklifi olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

More news