BMU-da Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi təntənəli şəkildə qeyd olunub

01 Dec 2023
BMU-da Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi təntənəli şəkildə qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın tanınmış incəsənət xadimləri, hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və digər qonaqların iştirak etdiyi tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev ölkəmizin təhsil, mədəniyyət tarixində xüsusi yerə, zəngin ənənələrə malik olan ADMİU-nun kollektivini 100 illik yubiley münasibətilə təbrik edib.

Bu mühüm hadisənin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə eyni ilə təsadüf etməsini diqqətə çatdıran rektor ADMİU-nun inkişafı, əldə etdiyi uğurların məhz Ulu Öndərin adı və çoxşaxəli fəaliyyəti ilə bağlı olduğunu bildirib. Eyni zamanda, müdrik siyasi xadimin bütövlükdə təhsil, mədəniyyət sahəsinin inkişafı üçün atdığı mühüm addımların 100 yaşlı ali təhsil müəssisəsinin ciddi nailiyyətlər qazanmasında həlledici rol oynadığını deyib.

Yaqub Piriyev Ümummilli Liderin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin milli mədəniyyət və incəsənətin, təhsilin inkişafında xüsusi xidmətləri olan tədris ocaqlarının fəaliyyətinə yüksək qiymət verdiyini, onlara hər zaman dəstək göstərdiyini nəzərə çatdırıb. Rektor bir əsrlik tarixə malik ADMİU-nun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezidentin müvafiq Sərəncamının bunun daha bir bariz nümunəsi olduğunu fikirlərinə əlavə edib.

Yaqub Piriyev iki universitet arasındakı əlaqələrdən də bəhs edib və BMU-da mühəndis kadrlarının hazırlığının həyata keçirilməsinə baxmayaraq,  tələbələrin mədəniyyətə böyük maraq göstərdiklərini bildirib.

Çıxışının sonunda ADMİU-nun bundan sonra da ölkəmizi mədəniyyət və incəsənət sahəsi üzrə dəyərli kadrlarla təmin edəcəyinə, milli mədəniyyətimizə töhfələr verməkdə davam edəcəyinə əminliyini söyləyən Yaqub Piriyev universitetin kollektivinə uğurlar arzulayıb.

Ölkə Prezidentinin ADMİU-nun yubileyinin qeyd edilməsi barədə Sərəncamının böyük sevinclə qarşılandığını və incəsənət sahəsində çalışanları ilhamlandırdığını deyən universitetin rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil müəssisəsinin böyük tarixi yol qət etdiyini vurğulayıb. Rektor 1923-cü ildə Bakı Teatr Məktəbinin bazasında yaradılan, 1991-ci ildə isə universitet statusu qazanan ADMİU-nun bu gün yalnız teatr sahəsi üzrə deyil, kino, audiovizual, rəssamlıq, musiqi sənəti kimi sahələri də əhatə edərək, hazırda 5 istiqamət üzrə fakültələri birləşdirdiyini, eyni zamanda müasir dövrün tələbləri əsasında aktual ixtisaslar üzrə kadr hazırlığına başlanıldığını qeyd edib.

ADMİU-nun hazırkı inkişaf mərhələsinə qədəm qoymasında Ümummilli Lider Heydər Əliyevin danılmaz xidmətlərinin olduğunu önə çəkən Ceyran Mahmudova ali təhsil müəssisəsində Ulu Öndəri şəxsən tanıyan, onunla bağlı xatirələrini incəsənət sahəsinin yeni nəsil nümayəndələri ilə paylaşan Azərbaycan mədəniyyətinin daşıyıcılarının çalışdığını fəxrlə qeyd edib.

Rektor çıxışını müxtəlif profilli ali təhsil müəssisələri arasında qurulan səmərəli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamaqla yekunlaşdırıb.

Çıxışlardan sonra rektorlar tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib.

Tədbir ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertlə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

More news