Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbələrinin birgə təsis etdiyi Kimya Mühəndisləri Cəmiyyətinin (Society of Chemical Engineers-SChE) təşkilatçılığı ilə “Kimya mühəndisliyi forumu-2023” keçirilib.
Forumun təşkilində əsas məqsəd kimya elminə marağın artırılması, kimya mühəndisliyi ixtisasının tələbə və məzunlarını bir araya toplayaraq qarşılıqlı fikir mübadiləsinin aparılmasına zəmin yaratmaq, yeni birgə layihələrə qapı açmaqdır.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə BMU-nun Memarlıq və inşaat fakülətsinin dekanı Afər Əlifov açılış nitqi ilə çıxış edib. İlk dəfə keçirilən forumun önəmini vurğulayan dekan bu cür tədbirlərin faydalı olacağını önə çəkib, eyni zamanda yeni layihələrin və fikirlərin formalaşmasına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
SChE-nin rəhbəri Murad Həsənov və SChE-nin təsisçisi Sənan Süleymanlı cəmiyyətin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat veriblər. Bildirilib ki, fəaliyyət göstərdikləri bir il ərzində müxtəlif seminarlar, təcrübə proqramları, sosial fəaliyyətlər həyata keçirilib. Bununla yanaşı, BMU-nun kimya mühəndisliyi ixtisasını bitirmiş, hazırda yerli və xarici şirkətlərdə çalışan məzunlarla tələbələr arasında görüşlər təşkil olunub.
BMU-nun Kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayev çıxışında universitetin laboratoriyaları, maddi-texniki bazası haqqında zəruri informasiyaları təqdim edib. Kimya mühəndisliyi ixtisasının məzunlarının nüfuzlu yerli və xarici şirkətlədə çalışdığını vurğulayan Y.Abdullayev bu cür tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirib və kimya elminin inkişafına töhfə verəcəyinə inamını bildirib.
Sonra forumun birinci panelində “Kimya mühəndisliyində müxtəliflik” mövzusunda müzakirələr aparılıb. AZGREEN şirkətinin ətraf mühit üzrə mütəxəssisi Tural Məhərrəmov, şirkətin bərpa olunan enerji mütəxəssisi Orxan Kərimzadə, TESLA şirkətində laboratoriya supervayzeri Paşa Feyzullayev, SOCAR Downstream şirkətinin proses üzrə aparıcı mühəndisi Sənan Süleymanlı, Euro Petroleum Consultants-da neft-qaz və neft-kimya sahəsi üzrə mütəxəssis İqor Nasirov, eiLink R&D Center şirkətinin tədqiqatçısı Günel Rzayeva çıxış ediblər. Çıxışlarda müxtəlif sahələrdə işləyən kimya mühəndisləri öz təcrübələrini bölüşüb və tələbələrin gələcəkdə seçəcəkləri sahə ilə bağlı tövsiyələrini veriblər.
“Proses mühəndisliyi” mövzusu ilə davam edən ikinci paneldə isə SOCAR Downstream şirkətinin proseslərə nəzarət üzrə direktoru Baladadaş Zeynalov, BP şirkətində layihələrin konseptual dizaynı üzrə mühəndis Mərdan Əbülzadə, UBOC şirkətinin mühəndisi Rahib Qasımov, Technip Energies şirkətinin proses üzrə böyük mühəndisi Natiq Əkbərli, SOCAR Karbamid zavodunun proses üzrə mühəndisi Nigar Mirzəyeva və istehsalat üzrə meneceri Şöhrət Mirzəyev çıxış ediblər. Kimya mühəndisliyinin ən məşhur sahəsi üzrə müxtəlif müəssisələrdə çalışan mühəndislərin tövsiyələri dinlənilib, tələblərin diqqət etməsi vacib olan məqamlara toxunulub.
İnteraktiv şəkildə keçən hər iki paneldə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi