BMU-da “İxtira və patent” mövzusunda maarifləndirici tədbir keçirilib

19 Dec 2023
BMU-da “İxtira və patent” mövzusunda maarifləndirici tədbir keçirilib

        Bakı Mühəndislik Universitetində (BMU)  Elm və innovasiya məsələləri üzrə prorektoruluğun təşkilatçılığı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməkdaşları tərəfindən “İxtira və patent” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov BMU-nun elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Ali təhsil ocağında mühəndislik ixtisaslarının üstünlük təşkil etdiyini, bu sahə üzrə yeni ixtiraların, elmi məqalələrin patentləşdirilməsinə zəruri ehtiyacın yarandığını bildirən prorektor bununla bağlı universitetdə nəzərdə tutulan yenilikləri diqqətə çatdırıb. Bildirib ki, Əqli Mülkiyyət Agentliyi ilə əlaqələrin qurulması, eyni zamanda BMU əməkdaşlarının ixtiralarının, elmi məqalələrinin patentləşdirilməsi prosesinin sürətləndirilməsi üçün əməli addımlar atılacaq.

Sonra Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşları-Sevinc Zeynalova və  Afət Qasımova çıxış ediblər. Çıxışlarda ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi, ərizə sənədinin doldurulması qaydası, iddia sənədinin Agentliyə verilməsi qaydası, PCT (Patent Əməkdaşlığı haqqında Müqavilə) müraciətinin milli mərhələyə daxil olması, patentin pozulması haqqında ərizənin verilməsinə dair tələblər və s. mövzulara toxunulub.

Agentlik əməkdaşları BMU-da ixtira və patent məsələlərinin asanlaşdırılması, elmi fəaliyyətlə məşğul olan müəllimlərin yenilik, sənaye və ixtiraçılıq səviyyəsinin artmasına zəmin yaradacaq addımlarla bağlı da fikirlərini bildiriblər.

Sonda agentlik əməkdaşları tərəfindən tədbir iştitakçılarının sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

More news