Yeni dünya düzəni və iqtisadi dəyişikliklər mövzusunda elmi-metodik seminar
13 mart 2026
Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində “Yeni dünya düzəni və dünya iqtisadiyyatındakı struktur dəyişiklikləri: qloballaşma, yoxsa beynəlxalq münasibətlərin transformasiyası” mövzusunda elmi-metodik seminar keçirilib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci istiqamətə (Layiqli əmək və iqtisadi artım) uyğun olaraq keçirilən tədbirdə fakültənin professor-müəllim heyəti və Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər.
Seminarda Biznesin idarə edilməsi kafedrasının baş müəllimi İbrahim Rzayev məruzə ilə çıxış edərək yeni dünya düzəninin mahiyyəti və təşəkkül tarixçəsini diqqətə çatdırıb. Çıxışda dünya iqtisadiyyatındakı kompleks dəyişikliklər sadalanıb, bu kontekstdə struktur dəyişikliklərinin zəruri şərtləri, müasir vəziyyəti, coğrafi amilləri, inkişaf perspektivləri təqdim olunub. Həmçinin qloballaşma və əksqloballaşma, paralel qloballaşma anlayışlarına, proseslərin gedişatına toxunulub, mövzunun beynəlxalq münasibətlərdəki mövcud durumu, obyektiv transformasiya prosesləri önə çəkilib.
Məruzə ətrafında geniş müzakirələr zamanı mövzunun aktuallığı, gələcəkdə də bu istiqamətdə araşdırmaların davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda belə elmi-metodik seminarların tələbələrin analitik düşünmə və tədqiqat bacarıqlarının inkişafına, fakültədə elmi mühitin gücləndirilməsinə, yeni elmi yanaşmaların formalaşmasına müsbət təsiri qeyd olunub.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

