BMU tələbəsi “AzerGold”un təqaüd proqramının qalibi olub

19 fevral 2026
BMU tələbəsi “AzerGold”un təqaüd proqramının qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin tələbəsi Fazil Kərimli “AzerGold” QSC-nin V təqaüd proqramının qalibləri sırasında yer alıb. 

 

“AzerGold” tərəfindən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən proqram geologiya və dağ-mədən istiqamətində ixtisaslaşan gənc mütəxəssislərin peşə bacarıqlarının inkişafına və onların gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlib.

 

2025-2026-cı tədris ili üzrə keçirilmiş seçim mərhələsinin yekunlarına əsasən, ali təhsil müəssisələrində geologiya, dağ-mədən mühəndisliyi, ekologiya və metallurgiya ixtisasları üzrə təhsil alan 9 nəfər, peşə təhsili müəssisələrindən isə 15 nəfər “AzerGold” təqaüdünə layiq görülüb.

 

BMU tələbəsi Fazil Kərimli bu nailiyyəti ixtisası üzrə yüksək akademik göstəriciləri, elmi fəaliyyətə fəal münasibəti və müsabiqə mərhələlərində uğurlu çıxışı sayəsində əldə edib.

 

Müsabiqənin nəticələrinə əsasən , qaliblərin hər birinə təltifnamə təqdim olunub və onlar 9 ay ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin ediləcəklər.

 

Proqram çərçivəsində iştirakçılar, həmçinin, “AzerGold” QSC-də təcrübə proqramlarına qoşulmaq imkanı qazanıblar. Məzun olduqdan sonra isə onların uyğun vakansiyalar üzrə işlə təmin olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, indiyədək “AzerGold” QSC-nin bu proqramı çərçivəsində ali təhsil səviyyəsi üzrə 28, peşə təhsili müəssisələri üzrə isə 35 tələbə təqaüd almaq hüququ qazanıb. 

BMU tələbəsi “AzerGold”un təqaüd proqramının qalibi olub | BEU