BMU tələbələri təlim-tədris ekskursiyasında olublar

11 mart 2026
BMU tələbələri təlim-tədris ekskursiyasında olublar

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Qida mühəndisliyi“ ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri “Milla Dairy“ MMC-nin süd zavodunda təlim-tədris ekkskursiyasında olublar. 

 

Tədbir çərçivəsində  tələbələr müəssisədə süd və süd məhsullarının istehsal prosesi ilə yaxından tanış olublar. Onlar südün qəbul mərhələsindən başlayaraq, daşınması, ilkin emalı, soyudulma üsulları, soyudulmuş südün, kəsmik və kərə yağının saxlanması, qablaşdırılması prosesində iştirak ediblər.

 

Eyni zamanda zavodun laboratoriyası ilə tanış olaraq, məhsulların bu şəraitdə necə yoxlanıldığını, südün mikrobioloyi xüsusiyyətləri, süddə yağ və şəkərin təyini, südün sıxlığı, turşuluğu, istilik tutumu və digər fiziki-kimyəvi xüsusiyyətlərinin təyin edilməsini əyani şəkildə izləyiblər.


Tələbələrə BMU-nun Qida və biotexnologiya kafedrasının dosenti Ərşad Quliyev tərəfindən tədris olunan “Qida məhsullarının soyudulma  texnologiyası” fənninin  süd və süd məhsullarının soyudulma və saxlanması mövzusu praktik şəkildə, real nümunələr əsasında ətraflı  izah edilib. Bu da tələbələrin nəzəri biliklərinin praktiki dərs mühitində möhkəmləndirilməsinə imkan yaradıb. 

 

Belə tədbirlər gələcək qida mühəndislərinin qida təhlükəsizliyi və keyfiyyət menecmenti sahəsində daha məlumatlı və peşəkar mütəxəssis kimi formalaşmasına da mühüm töhfə verir. 

 

Qeyd edək ki, təlim-tədris ekskursiyası BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü (Keyfiyyətli təhsil) və 9-cu (Sənaye, innovasiya və infrastruktur) istiqamətlərinin təşviqi çərçivəsində təşkil olunub. 

BMU tələbələri təlim-tədris ekskursiyasında olublar | BEU