BMU-PKTU arasında ikili diplom proqramı ilə bağlı infosessiya keçirilib

13 mart 2026
BMU-PKTU arasında ikili diplom proqramı ilə bağlı infosessiya keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə həyata keçirilən ikili diplom proqramına dair tələbələr üçün infosessiya təşkil olunub.  

Tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən proqram haqqında ətraflı məlumat verilib. Bildirilib ki,  ötən ildən BMU ilə PKTU arasında bakalavriat səviyyəsində 2+2 modeli əsasında Kimya, Kompüter, Mexanika mühəndisliyi ixtisaslarına dair ikili diplom proqramının icrasına başlanılıb. Qeyd olunub ki, artıq seçilmiş tələbələrin ilk qrupu təhsillərini Çində davam etdirirlər. Diqqətə çatdırılıb ki, bu ilin yanvar ayında iki universitet arasında daha 3 ixtisas - Kimya, Biotexnologiya, Biznesin idarəedilməsi üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair yeni müqavilə imzalanıb. Bununla da ümumilikdə 6 ixtisas üzrə tələbələrin proqramdan yararlanması imkanı yaradılıb.   

 

İnfosessiya çərçivəsində proqrama qəbul qaydaları, tələb olunan GPA göstəriciləri, xarici dil səviyyəsi ilə bağlı tələblər barədə ətraflı məlumat verilib. Eyni zamanda, proqrama seçilən tələbələrin qarşılamalı olduqları xərclər və PKTU tərəfindən təmin edilən imkanlar barədə də informasiyalar diqqətə çatdırılıb.   

 

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

BMU-PKTU arasında ikili diplom proqramı ilə bağlı infosessiya keçirilib | BEU