BMU-da süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqinə dair elmi seminar
12 fevral 2026
Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsində “Peyk məlumatları əsasında əkin sahələrinin yararlılığının və məhsuldarlığının süni intellekt əsaslı qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.
Fakültənin dekanı professor Vaqif Qasımov elmi seminarın önəmindən danışaraq bildirib ki, bu mövzu müasir dövrdə informasiya texnologiyaları ilə kənd təsərrüfatının inteqrasiyasının ən aktual istiqamətlərindən biridir və süni intellektin real sektor üçün yaratdığı imkanları aydın şəkildə nümayiş etdirir. O əlavə edib ki, seminar həm elmi müzakirələr, həm də gələcək tədqiqatlar üçün yeni perspektivlər açacaq.
Seminarda BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının doktorantı Ərtuğrul Qayıbov qeyd olunan istiqamətdə professor Vaqif Qasımovun rəhbərliyi altında aparılan elmi tədqiqat işləri, o cümlədən təklif olunan süni intellekt modelləri, reallaşdırılan proqram sistemləri barədə geniş məruzə ilə çıxış edib. Çıxış zamanı Qarabağ və Kür-Araz ovalığında əkin sahələrinin peyk monitorinqi, eləcə də süni intellekt texnologiyalarından istifadə etməklə kənd təsərrüfatı sahələrinin qiymətləndirilməsi metodları haqqında məlumat verilib. Məruzəçi ərzaq təhlükəsizliyi və resursların dayanıqlı idarəsi üçün dəqiq xəritələşdirmənin vacibliyini vurğulayıb, sahə ölçmələrinin həm bahalı, həm də əmək tələb etməsi səbəbindən süni intellekt və peyk imkanlarını böyük üstünlük kimi qiymətləndirib.
Seminarda, həmçinin zero-shot tətbiqi ilə seçilmiş modelin Qarabağ peyk şəkillərinə tətbiq edildiyi qeyd olunub və müvafiq informasiyalar diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

