BMU-da “Sahibkarlığa giriş” fənninin tədrisinə başlanılıb

18 fevral 2026
BMU-da “Sahibkarlığa giriş” fənninin tədrisinə başlanılıb

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin sahibkarlıq mövzusunda bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə “Sahibkarlığa giriş” fənni üzrə yeni tədris proqramına start verilib. BMU Texnoparkının SABAH.academy ilə əməkdaşlığı əsasında həyata keçirilən proqramda universitetin 120-dən çox tələbəsi iştirak edir. 

 

Proqram çərçivəsində təşkil olunan ilk mühazirədə tələbələr beynəlxalq təcrübəyə malik ekspert, IE Biznes Məktəbinin professoru Alberto Levy ilə birbaşa ünsiyyət imkanı qazanıblar. Mütəxəssis çıxışında müasir sahibkarlıq ekosisteminin formalaşma mexanizmləri, innovativ biznes modelləri, startap mədəniyyəti və qlobal bazara çıxış strategiyaları barədə ətraflı məlumat verib. 

 

İnteraktiv formatda davam edən ilk mühazirədə tələbələrin sualları cavablandırılıb və real biznes nümunələri əsasında müzakirələr aparılıb.

 

Tədbir zamanı vurğulanıb ki, beynəlxalq ekspertlərin iştirakı ilə belə mühazirələrin təşkili tələbələrin qlobal biznes tendensiyaları ilə tanış olmasına, müasir idarəetmə yanaşmalarını öyrənməsinə və sahibkarlıq fəaliyyətinə daha inamla yanaşmasına zəmin yaradır. 

 

“Sahibkarlığa giriş" mövzusunda tədris proqramı tələbələrin sahibkarlıq bacarıqlarını mənimsəməkdə vacib rol oynayır, onların real sektorla daha sıx inteqrasiyasına mühüm töhfə verir və universitet daxilində innovasiya mədəniyyətini təşviq etməyi hədəfləyir. Proqram vasitəsilə biznesin planlaşdırılması, bazar təhlili, maliyyə menecmenti, uğurlu startapın başlanması və idarə edilməsinin incəlikləri daxil olmaqla, sahibkarlığın fundamental prinsipləri öyrədilir. Yaz semestrində proqrama uyğun olaraq həftədə iki dəfə IE Biznes Məktəbinin nüfuzlu professorları mühazirə, sahibkarlıq ekosisteminin tanınmış yerli və xarici mütəxəssisləri isə seminar platformasında tələbələrlə təcrübələrini bölüşəcəklər. Yekunda tələbələr nəzəri biliklərinin praktik həlli olan qrup layihələrini təqdim edəcəklər. 

 

Fənni uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunacaq. 

 

BMU-da “Sahibkarlığa giriş” fənninin tədrisinə başlanılıb | BEU