BMU-da “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində infosessiya
12 mart 2026
Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin innovasiya, startap sahəsində bilik və bacarıqlarının artırılması məsədilə infosessiya keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramı çərçivəsində təşkil olunub.
BMU Texnoparkının direktoru Vüsal Süleymanlı, universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini Vüqar Muradov tədbirdə çıxış ediblər. Çıxışlarda son illər BMU-da innovasiya və startap fəaliyyətinin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bu kimi layihələrin tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyi qeyd edilib. Eyni zamanda gənclərin innovativ ideyalarının dəstəklənməsi və startap təşəbbüslərinin təşviq edilməsinin müasir təhsil mühitində mühüm istiqamətlərdən biri olduğu vurğulanıb.
Sonra VXSİDA-nın İnnovasiyalar Mərkəzinin Layihələrin idarə olunması departamentinin müdir müavini Ziniddin Babayev layihə haqqında geniş məlumat verib, inkubasiya proqramının məqsədi və gənclərin sahibkarlıq bacarıqlarının gücləndirilməsi üçün yaratdığı imkanlardan danışıb.
Departamentin layihə meneceri Nərmin Kərimova isə proqramın mərhələləri, iştirak qaydaları və gənclər üçün yaradılan imkanlar barədə təqdimat edib.
İnfosessiyanın sonunda tələbələrin sualları cavablandırılıb və onların proqramın növbəti mərhələlərində fəal iştirak etmələrinin əhəmiyyəti vurğulanıb.



