BMU-da akademik nəşr prosesi ilə bağlı beynəlxalq vebinar
13 mart 2026
Bakı Mühəndislik Universitetində (BMU) “F1000Research Publishing: Tips for Successful Publication-Navigate F1000Research and understand the Scopus pathway” mövzusunda beynəlxalq vebinar keçirilib.
BMU-nun Xarici dillər kafedrasının müdiri, dosent Nərminə Əliyevanın moderatorluğu ilə keçirilən onlayn vebinarda müxtəlif ölkələrdən tədqiqatçılar, müəllimlər və gənc alimlər iştirak ediblər.
Tədbirdə Daşkənd Dövlət İqtisad Universiteti Səmərqənd filialı və İndoneziyanın Araşdırma Synergy Fondunun ekspertləri spiker qismində çıxış ediblər. Çıxışlarda elmi məqalələrin nəşrə hazırlanması, açıq rəy mexanizmi (open peer review), məqalələrin təqdim olunması qaydaları və tədqiqat nəticələrinin qlobal elmi mühitdə təqdim edilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin elmi işlərin beynəlxalq elmi bazalarda, xüsusilə Scopus indeksində tanınmasının artırılması yolları barədə məlumat verilib.
Sonda akademik nəşr prosesi ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.