Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Pedaqoji fakültənin Riyaziyyat müəllimliyi ixtisasında təhsil alan sonuncu kurs tələbələri üçün onlayn vebinar keçirilib.
Müəllim namizədlərinin inkişafına istiqamətlənən vebinarda departamentin baş mütəxəssisi Adil Vəliyev bu qəbildən olan görüşlərin tələbə və məzunların inkişafına müsbət təsiri, burada paylaşılan təcrübənin onların gələcək karyeraları üçün daşıdığı əhəmiyyətdən danışıb.
BMU-nun Riyaziyyat kafedrasının müdiri, professor Rakib Əfəndiyev də pedaqoji sahədə qazanılan zəngin bilik və təcrübələrin paylaşılmasında belə görüşlərin vacibliyini, vebinarın gələcək müəllimlərin fəaliyyətində faydasını vurğulayıb, həmçinin rəhbərlik etdiyi kafedranın qarşısında duran istiqamətlərə toxunub.
Görüşə qonaq qismində onlayn formada qatılan, Küveyt Dövlətində beynəlxalq məktəbin (Universal American School) riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Mərdan Əliyev öz təcrübəsi haqda görüş iştirakçılarına məlumat verib. O, texnoloji alətlərin tədrisdə tətbiqi, dil bacarıqları, xüsusən ingilis dilinin inkişaf etdirilməsi, texnologiyaların inteqrasiysı hesabına tədris prosesində interaktivlik, məzmun zənginliyi, əlçatanlığın təmin olunmasının vacibliyindən bəhs edib.
“Google”, “Microsoft” kimi dünya texnologiya nəhənglərinin sertifikasiya proqramlarında uğurlu iştirakı ilə bağlı təcrübəsini də tələbələrə paylaşan M.Əliyev görüş iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirib.
İctimaiyyətlə əlaqələr şöbəsi