Bakı Mühəndislik Universiteti (BMU) ilə “Norm” ASC arasında imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən, tələbələr üçün təlim və seminarların təşkili davam etdirilir. Bu istiqamətdə İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və Mühasibat ixtisasları üzrə təhsil alan IV kurs tələbələri üçün Maliyyə risklərinin idarə edilməsi fənni çərçivəsində keçirilən növbəti interaktiv təlim "Maliyyə hesabatlarının oxunması" mövzusuna həsr olunub.
Tədbirdə fakültənin tədris işləri üzrə dekan müavini Elsevər İbadov tədris prosesinin bir hissəsi olan seminar və təlimlərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Sonra sənaye-universitet əlaqələrinin inkişafında müasir yanaşma və bu münasibətlərin genişləndirilməsinin qarşılıqlı faydalarından söz açan ASC-nin maliyyə müdiri Dünyamin Səfərəliyev fikirlərinə “Maliyyə hesabatlarının oxunması" mövzusunda təqdimatla davam edib. O, çıxışında hesabatların hazırlanması, müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi, pul axını hesabatları, mühasibat balansı, mənfəət və itkilər haqda hesabatlar, kapitalın və pul vəsaitlərinin hərəkəti, qeyri-maddi aktivlər və s. məsələlərə toxunub.
Qarşılıqlı informasiya mübadiləsi ilə davam edən təlimdə şirkət rəsmisi suallara aydınlıq gətirib, həmçinin maliyyə hesabatlarının oxunması prosesi ilə bağlı əsas müddəalar tələbələrin iştirakı ilə müxtəlif nümunələr əsasında ətraflı izah edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi