Polşa Respublikasının Vroslav Biznes Tətbiqi Elmlər Universitetinin professorları İzabella Qruzska və Radosłav Milevski Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) olublar.
Universitetin kampusu, maddi-texniki bazası, laboratoriyaları ilə yaxından tanış olan polşalı professorlar BMU-nun müəllim və tələbə heyəti ilə görüşüb, müxtəlif mövzularda müzakirələr aparıblar. Eyni zamanda İzabella Qruzska İqtisadiyyat və idarəetmə fakultəsinin tələbələrinə “Polşanın əsas turistik yerləri”, Radosłav Milevski isə Mühəndislik fakültəsinin tələbələrinə “Qara qu quşu dövründə logistika” mövzusunda mühazirə oxuyub.
Ali təhsil sahəsində layihə üzrə tərəfdaşların davamlı inkişafının təşviqi, həmçinin mədəni mübadilə, akademik zənginləşmə və beynəlxalq əlaqələri genişləndirmək məqsədi daşıyan səfər bir həftə davam edəcək.
Qeyd edək ki, BMU Erasmus proqramı çərçivəsində Vroslav Biznes Tətbiqi Elmlər Universiteti ilə yanaşı, Avropanın bir çox ali təhsil müəssisələri ilə tərəfdaşlıq edir.
İctimaiyyətlə əlaqələr şöbəsi