Bakı şəhəri Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.
Öncə məktəblilərə gənc ali təhsil ocağı olan BMU-nun müasir infrastruktura malik maddi-texniki bazası, burada tədris olunan ixtisasların karyera seçimində və əmək bazarındakı üstünlükləri, həmçinin tələbələrin asudə vaxtlarının təşkili üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verilib.
Universitet nəzdində çoxsaylı laboratoriyaların mövcudluğu və iş prinsipləri haqqında da geniş məlumatlandırılan şagirdlər Biologiya laboratoriyası, Kompüter laboratoriyası, Elektronika və İKT laboratoriyası, Fizika laboratoriyası, Kimya və kimya mühəndisliyi laboratoriyası ilə yaxından tanış olublar.
Sonra şagirdlər BMU-nun zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan kitabxanasını gəziblər. Bildirilib ki, ən son material, eləcə də texnoloji vasitələrlə təmin olunan kitabxana universitet tələbələrinin təhsil, tədqiqat və elm sahəsində inkişafına kömək edir.
Ekskursiya çərçivəsində məktəblilər üçün “İmtahanlara necə hazırlaşmaq lazımdır” mövzusunda seminar da təşkil edilib. Seminarda mövzu ilə bağlı zəruri informasiyalar verilib, həmçinin şagirdlər düzgün ixtisas seçimi ilə bağlı istiqamətləndirilib.
Ekskursiya məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi