Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində 20-24 iyul 2020-ci il tarixlərində onlayn yay məktəbi təşkil edilib.
Yay məktəbinin məqsədi yeni hazırlanacaq magistr proqramının bəzi mövzularını tərəfdaş universitetlərin müəllimləri tərəfindən tələbələrə çatdırmaq olub.
Yay məktəbində BMU-nun tələbələri ilə yanaşı, müəllimləri də məruzə ilə iştirak edib. Belə ki, 23 iyulda universitetin Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Yusif Yusifov “Yeni başlayanlar üçün iOS tətbiqi” mövzusunda, 24 iyulda isə eyni kafedranın baş müəllimi Etibar Seyidzadə “Verilənlər strukturu - Alqoritmlərin asimptotik təhlili” mövzusunda ingilis dilində çıxış ediblər. Onlayn təşkil olunan yay məktəbində İngiltərənin Derbi Universiteti, Portuqaliyanın Politexnik Tomar Universiteti, Estoniyanın Tallinn Universiteti, Rusiya Federasiyasının Cənubi Federal Universiteti, Həştərxan Dövlət Universiteti və Voronej Dövlət Universiteti ilə yanaşı, Azərbaycanın digər ali təhsil müəssisələrinin (BDU və ADNSU) əməkdaşları da çıxış ediblər.
Qeyd edək ki, cari layihənin məqsədi Avropa İttifaqına daxil olmayan, yəni Azərbaycandan və Rusiyadan tərəfdaş kimi cəlb edilmiş universitetlər üçün Bolonya prinsiplərinə uyğun və müasir tələblərə cavab verən “Mobil tətbiqlərin və oyun dizaynı” magistr proqramını hazırlamaqla İnformasiya Texnologiyaları (İT) tədrisinin keyfiyyətini yaxşılaşdırmaq və İT məzunlarının məşğulluğunu artırmaqdır. Cari layihə çərçivəsində tərəfdaş universitetlərin İT tədrisi ilə məşğul olan müəllimlərin bilik və bacarıqlarının artırılması və müasir tələblərə cavab verən laboratoriyanın qurulması da nəzərdə tutulub.
İcra müddəti 2019/2021-ci illəri əhatə edən layihə haqqında daha ətraflı məlumatı https://magnus2020.org/ linkindən əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi