Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.
Koreya (Cənubi) Respublikasının İNHA Universitetində baş tutan iclasda BMU-nun rektoru Yaqub Piriyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova və hər iki universitetdən Rəhbər Komitənin digər üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan İNHA Universitetinin tədris işləri üzrə vitse-prezidenti, professor Keeyoung Cho BMU-nun rektoru Yaqub Piriyevi yeni təyinatı ilə bağlı təbrik edib, ona işində uğurlar arzulayıb.
Rektor Yaqub Piriyev çıxışında BMU-İNHA İDP tələbələrinin təhsil müddəti boyunca qarşılaşdığı problemlər, təhsilin təşkil olunması, ilk məzun buraxılışı barəsində məsələlərə toxunub, onların həlli istiqamətində əməli tədbirlərə başlanılmasının zəruri olduğunu vurğulayıb.
Sonra iclasın gündəliyinə daxil olan məsələlər barədə BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli geniş təqdimatla çıxış edib. Təqdimatda 2023/2024-cü tədris ili üzrə qəbul nəticələri, yüksək bal toplayan tələbələr, ötən təqvim ilinin müvəffəqiyyət göstəriciləri, növbəti təqvim ilinin büdcə layihəsi, proqramdan məzun olma meyarları barəsində Rəhbər Komitə üzvlərinə məlumat verilib. Bundan əlavə, İDP-nin gələcəkdə uzadılması imkanları ilə bağlı müzakirələr aparılıb.
Toplantının sonunda səs çoxluğu ilə müvafiq qərarlar qəbul olunub.
BMU-İNHA İDP üzrə Rəhbər Komitənin iclası payız və yaz sessiyası olmaqla, ildə 2 dəfə keçirilir. 2023-cü il üzrə yaz sessiyası may ayında BMU-da keçiriliib.
Qeyd edək ki, hazırda BMU-İNHA İDP çərçivəsində informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə ümumilikdə 386 tələbə təhsil alır. Onlardan 61 tələbə İNHA Universitetində 4-cu kursda təhsillərini davam etdirir.
İctimaiyyətlə əlaqələr şöbəsi