Tələbələrin vaxtlarının səmərəli təşkil olunması məqsədilə 30-a yaxın onlayn təlim keçirilib
Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatı (TGT) mövcud epidemiya ilə bağlı olaraq yaz semestrində əyani keçirilməsi nəzərdə tutulan bütün təlimləri onlayn olaraq təşkil edib. Karantin dövründə tələbələrin təlimlərdən geri qalmaması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə BMU TGT ümumilikdə 30-a yaxın onlayn təlim keçirib.
BMU TGT-nin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovla “Gənclər üçün imkanlar. İdeyanı reallaşdır” mövzusunda onlayn görüş keçirilib. Görüşdə Gənclər Fondunun fəaliyyəti çərçivəsində gənclər üçün imkanlar, həyata keçirilən layihələr, təhsil xərclərinin maliyyələşdirilməsi, qrant müsabiqələri, beynəlxalq təşkilatların təcrübə proqramlarında və tədbirlərində iştirakın dəstəklənməsi kimi mövzular barədə danışılıb. 200-dən çox gəncin qatıldığı vebinarda BMU tələbələri ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələri də iştirak edib.
Bundan əlavə “Karyera planlaşdırması” mövzusunda Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov tərəfindən vebinar reallaşıb. 200-dən çox tələbənin iştirak etdiyi vebinarda onları maraqlandıran suallar cavablandırılıb.
Psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Günel Aslanova tərəfindən “Gənclərin stresi idarə etməsi və aradan qaldırması” mövzusunda vebinar baş tutub. Vebinarda karantin dövründə gənclərə stresin öhdəsindən gəlmənin müxtəlif strategiyaları və üsulları haqqında məlumat verilib, onların mövzu ilə bağlı sualları cavablandırılıb.
“MüəlliminİZ” layihəsi çərçivəsində BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Qüdsinin (Məmmədov) təqdimatında mühazirə keçirilib. Mühazirədə riyaziyyatın tədrisində riyaziyyatın tarixinin yeri və əhəmiyyəti, eləcə də alimlərin və filosofların riyaziyyat biliklərinin onların yaradıcılığında nəyə töhfə verdikləri haqqında ətraflı məlumat verilib.
Düşüncə Gücü - “Gənclərin Fərdi İnkişafına Dəstək” İctimai Birliyinin katibliyinin rəhbəri Nərmin Davidovanın təqdimatında “Motivasiya nədir? Necə motivasiya olunmalı?” mövzusunda təlim keçirilib. Təlimdə motivasiyaya aid kitablar haqqında məlumat verilib və tələbələrin sualları cavablandırılıb.
Keçirilən təlimlər sırasında Dünya Skaut Hərəkatı təşkilatının komitə üzvü İlyas İsmayıllının “Skautinq. Sağlam həyat tərzi”, təlimçi Rövşən Şərifin “Həyatımızın gizli tərəfləri”, təlimçi Fidan Akbarin “Fobiyasız nəfəs”, tarixçi Ramin Hüseynsoyun “Milli kimliyimiz” və NLP mütəxəssisi, türkiyəli təlimçi Furkan Soslunun “Ədəbi uğur” mövzularında təlimlərini xüsusi vurğulamaq lazımdır.
Yaz semesterində keçirilən son təlim isə BMU-nun Sənaye mühəndisliyi kafedrasının dosenti, eləcə də Texnoparkın müdiri İsa Qasımovun “Karyerada kitab” mövzusunda təşkil etdiyi təlim olub. Virtual təlimdə BMU tələbələri ilə yanaşı, digər ali təhsil müəssisələrinin də tələbələri iştirak edib.
Eyni zamanda, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq BMU TGT fəallarının iştirakı ilə “Evdə qal, mütaliəsiz qalma!” və “HəkimlərimİZ” adlı videoçarx hazırlanıb.
Karantin müddəti ərzində BMU TGT-nin 10 fəal üzvü Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Hərəkatına qoşularaq “Könüllü donor”, “Könüllü Qonşu”, “Bir-birimizi qoruyaq” aksiyalarında iştirak ediblər. TGT fəalları “Könüllü qonşu” kampaniyasına qoşularaq, ərzaq və dərman alınması, eləcə də məişət tullantılarının atılması ilə bağlı evdən çıxa bilməyən yaşlı, qayğıya ehtiyacı olan insanlara dəstək olublar.
Bununla bərabər BMU TGT daha çox tələbənin inkişafına töhfə vermək məqsədilə bütün təlimləri qeydə alıb və video görüntüdən yararlanmaq istəyən tələbələrə imkan yaradıb, eləcə də TGT-nin instaqram hesablarından canlı yayımlar təşkil edib.
İctimaiyyətlə əlaqələr şöbəsi