Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində qrup nümayəndələri ilə görüş keçirilib.
Yüksək müvəffəqiyyət göstəricilərinə görə seçilmiş tələbələri təbrik edən fakültənin dekanı Nəsimi Kamalov qazanılan uğurlarla kifayətlənməməyi, universitetdə verilən nəzəri biliklərin, tədris olunan proqram materiallarının dərindən mənimsənilməsində səy və bacarıqlarının daha da gücləndirilməsini tövsiyə edib.
Sonra müvafiq ixtisaslar üzrə bütün qrupları əhatə edən SDF (semestr daxili fəaliyyət) nəticələr təqdim olunub. Eyni zamanda yüksək təhsil göstəriclərinin əldə olunması, bu tendensiyanın davam etdirilməsi kimi məsələlərə toxunulub.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, həmçinin tyutor-tələbə əlaqələrinin düzgün təşkili, tələbələrin tədris vəsaitlərinə əlçatanlığı istiqamətində müzakirələr aparılıb. Təlim prosesinin səmərəliliyin və effektivliyinin yüksəldilməsi, SDF nəticələrində qismən zəiflik müşahidə olunan qruplarda arzuolunan nəticəyə nail olunması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
Çıxışlardan sonra fakültənin müxtəlif ixtisaslar üzrə təhsildə uğurlu nəticələri ilə fərqlənən tələbələri BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hədiyyələri ilə mükafatlandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi