Elmi Şuranın iclası keçirilib

31 May 2024
Elmi Şuranın iclası keçirilib

Mayın 31-də Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının növbəti iclası keçirilib. 

İslasda “Yaz semestri imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi üçün tədbirlər”,  “Yay məktəbinin təşkili”, “2023-cü ildə BMU-nun maliyyə-təsərrüfat fəaliyyətinə dair” hesabatlar və digər məsələlər  müzakirəyə çıxarılıb.

Əvvəlcə müvafiq struktur rəhbərlərinin hesabatları təqdim olunub.   Hesabatlar təklif və tövsiyələr nəzərə alınmaqla qənaətbəxş sayılıb, habelə  aidiyyəti kafedra, dekanlıq və şöbələrə uyğun tapşırıqlar verilib.

Ardınca bir sıra struktur məsələlərinə də baxılıb. Universitetdə İnformasiya və kompüter texnologiyaları fakültəsinin yaradılması, Riyaziyyat, həmçinin Kompüter və informasiya texnologiyaları kafedralarının ləğv edilməsi, o cümlədən İnformasiya və kompüter texnologiyaları fakültəsinin tərkibində ləğv edilən kafedraların bazasında İnformasiya texnologiyaları və proqramlaşdırma, Kibertəhlükəsizlik və kompüter mühəndisliyi, Riyaziyyat və kompüter elmləri kafedralarının yaradılması ilə bağlı müsbət qərarlar çıxarılıb.

Mühəndislik fakültəsinin tərkibində əlavə və dəyişikliklər də müzakirə edilib. Müzakirələr nəticəsində fakültənin tərkibində Qida və biotexnologiya kafedrasının yaradılması, habelə Logistika və nəqliyyat texnologiyaları kafedrasının adının dəyişdirilərək Logistika və nəqliyyat kafedrası adlandırılması, Kimya mühəndisliyi, Sənaye mühəndisliyi və Fizika kafedralarının Mühəndislik fakültəsinin tərkibinə keçirilməsi müsbət həll olunub.

Pedaqoji fakültənin tərkibindəki İngilis dili və Xarici dillər kafedralarının isə birləşdirilərək Xarici dillər kafedrası adlandırılması, o cümlədən fakültə və kafedraların strukturunun Əlavədəki formada təsdiq edilməsi məsələləri də səsə qoyularaq qəbul olunub.  

Sonra “Web of Science və SCOPUS beynəlxalq elmi bazalarında indekslənən jurnallarda məqalələri çap edilən BMU əməkdaşlarının mükafatlandırılması haqqında Qaydalar”, həmçinin  “Antiplagiat sistemi üzrə Qaydalar”, eləcə də Elmi-tədqiqat mərkəzinin Əsasnaməsi müzakirələrdə müsbət qarşılanaraq təsdiq olunub.

Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər