“Əbədiyyət üfüqündə doğan günəş”

27 Dekabr 2019
“Əbədiyyət üfüqündə doğan günəş”

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurasının sədri, Xarici dillər kafedrasının müdiri Ətrabə Gül Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Əbədiyyət üfüqündə doğan günəş” adlı tədbirdə iştirak edib. Ədəbi-bədii tədbir Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.  

Öncə tədbir iştirakçıları Beynəlxalq Muğam Mərkəzinin foyesində Nəsimiyə həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.

Çıxışlarla davam edən tədbirdə Nəsimi poeziyasının bənzərsizliyindən və “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi yaradıcılığına, ümumilikdə Azərbaycan mədəniyyətinə, şeirinə, sənətinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.  O da bildirilib ki,  şeirləri ilə fəlsəfi fikir tarixində özünəməxsus iz qoyan mütəfəkkir şair Nəsiminin toxunduğu mövzular cəmiyyət üçün bu gün öz aktuallığını qoruyur.

Tədbirin bədii hissəsində respublikamızın xalq və əməkdar artistləri, görkəmli incəsənət xadimləri, qiraət ustaları çıxış ediblər.

Sonda tədbirin rəsmi və bədii hissəsinin iştirakçılarına fəxri fərmanlar təqdim olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər