 
                    
                                        Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasından doktorantlar, eləcə də professor-müəllim heyəti bir sıra ali təhsil müəssisələri və sənaye qurumlarını ziyarət ediblər.
Səfər çərçivəsində qonaqlar Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüblər. Görüşdə elmi və akademik əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. PKTU nümayəndə heyəti həmçinin BDU-nun laboratoriyaları, universitetdə həyata keçirilən elmi-tədqiqat işləri ilə də tanış olub.
Daha sonra çinli qonaqlar Azərbaycan Texniki Universitetinə (AzTU) baş çəkib. Burada beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov universitetin fəaliyyəti, tədris və tədqiqat infrastrukturu barədə ətraflı məlumat verib. Doktorantlar öz araşdırmalarını təqdim edib, həmkarları ilə fikir mübadiləsi aparıblar.
Səfər proqramı çərçivəsində qonaqlar SOCAR-ı, Abşeron Keramika Fabrikini də ziyarət edərək müəssisələrin istehsal prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, səfər zamanı BMU-da PKTU ilə birgə “Mühəndislik tətbiqlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri” mövzusunda beynəlxalq elmi-praktik seminar da keçirilib. Seminar bu ilin aprel ayında iki universitet arasında imzalanan əməkdaşlıq müqaviləsi əsasında təşkil olunub.
PKTU nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi