Böyük alim Məmməd Cəfər Cəfərovun xatirəsi anılıb

26 Dekabr 2019
Böyük alim Məmməd Cəfər Cəfərovun xatirəsi anılıb

       Bakı Mühəndislik Universitetində (BMU) görkəmli ədəbiyyatşünas və tənqidçi alim, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan seminar keçirilib.

       Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri f.ü.f.d., dosent Emin Ağayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından söz açaraq, dövlətimizin elm, mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğısını vurğulayıb. O, Məmməd Cəfər Cəfərovun ədəbi-bədii, həmçinin ölkəmizin ictimai-siyasi inkişafındakı fəaliyyətlərini diqqətə çatdırıb.

       Tədbirdə çıxış edən Məmməd Cəfər Cəfərovun yetirməsi, BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Akif Hüseynli Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi olan böyük alimin elmi fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, akademik Azərbaycan ədəbiyyatının tarixinə və nəzəriyyəsinə həsr olunan əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlərə aid dəyərli kitabların müəllifidir. Məmməd Cəfər Cəfərovun bədii yaradıcılıqla da məşğul olduğunu vurğulayan professor, onun universal ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı, eyni zamanda Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının  banisi olduğunu bildirib.

       Tədbirdə digər çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər