Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbələri (Mühəndislik fakültəsinin laboratoriya müdiri Rüstəm Kələntərov, Elektrik və elektronika ixtisasının II kurs tələbələri - Nadir Daşdıyev və Rəşad Əliyev) Bərdədə keçirilən növbəti Aqrar İnnovasiya Festivalında iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı baş tutan festivalda BMU-nun 4 nəfərdən ibarət tələbə komandasının (Nadir Daşdıyev, Rəşad Əliyev, Nurtac Mirili, Rəşad Ağalı) hazırladığı pilotsuz uçuş aparatları (PUA) və robotlar nümayiş olunub.
PUA və robotlara elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov baxış keçiriblər və onlara BMU komandasının ərsəyə gətirdiyi, festivalda maraqla qarşılanan qurğular – “Atmaca”, R3D və “Simurq” haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, “Atmaca”- meşə yanğınları ilə mübarizədə kəşfiyyat xarakterli və yanğına qarşı Al sistemi ilə təchiz olunmuş tam aftonom sabit qanadlı pilotsuz uçuş aparatıdır. R3D kəşfiyyatla yanaşı, istənilən çətin şəraitdə qida və ərzaq təminatı daşıya bilən yarı aftonom insansız quru maşını (Prototip), "Simurq” isə fövqəladə (müharibə) vəziyyətdə tibbi ləvazimat, qida məhsulları daşıyan, kuryer vəzifəsini icra edan sabit qanadlı, yan aftonom pilotsuz uçuş aparatıdır.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verilməsi, bu sahə ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi, aqrar elm və təhsilin sahibkarlıq fəaliyyətinə inteqrasiyasıdır. Bərdə Peşə Liseyində baş tutan festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif startapçılar iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi