Universitetin tələbəsi Almaniyanın Koblenz Universitetində təcrübə keçəcək
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün 2019/2020-cu tədris ili üzrə pedaqoji və istehsalat təcrübələrinin həyata keçirilməsinə başlanılıb. İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakültəsinin Tərcümə və Psixologiya ixtisasları üzrə istehsalat təcrübəsinə göndərilən bakalavr tələbələrin ümumi sayı 516 nəfər, Pedaqoji təcrübəyə göndərilənlərin sayı isə 303 nəfər təşkil edir. Ümumilikdə 819 tələbə təcrübə proqramına cəlb olunub.
Tələbələr istehsalat təcrübəsini əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu, SOCAR, Bakı Şəhər İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Texnologiya Parkı, Meksika səfirliyi, ABŞ səfirliyi, Azertexnolayn MMC, Avrora MMC, PAŞA Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Azərsun Holding, Gilan Holding, North West Construction MMC, Dövlət Tərcümə Mərkəzi, Günay Sığorta ASC, Veysəloğlu Şirkətlər Qrupu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərsu ASC və Aztelekom MMC-də təcrübələrini keçəcəklər.
Maliyyə ixtisasının bir tələbəsi isə Almaniyanın Koblenz Universitetinə təcrübəyə göndəriləcək.
Tələbələr Akademik Zərifə Əliyeva adına lisey, Avropa Azərbaycan məktəbi, Zirvə liseyi, İdrak liseyi, Azərbaycan Britaniya kolleci, Landau məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və Xırdalan şəhərində yerləşən orta məktəblərdə isə pedaqoji təcrübədə olacaqlar.
14 həftədən ibarət olacaq pedaqoji və istehsalat təcrübəsi 17 fevral tarixində başlayıb və 25 may 2020-ci il tarixində yekunlaşacaq. Tələbələrə universitetin təcrübəli müəllimlərindən rəhbərlər təyin olunub.
Bununla yanaşı, BMU-nun Beynəlxalq münasibətlər və diplomatiya, Kimya mühəndisliyi, Maşın mühəndisliyi, Beynəlxalq iqtisadi münasibətlər, Kompüter mühəndisliyi, İdarəetmədə informasiya sistemləri ixtisası üzrə II kursda təhsil alan 38 magistrant üçün yaz semestrində 17 fevral-13 mart tarixlərini əhatə edən elmi-tədqiqat, 16 mart-10 aprel 2020-ci il tarixlərində isə elmi-pedaqoji təcrübələrin təşkil olunması nəzərdə tutulub. Magistr tələləbər təcrübələrini universitetin müvafiq kafedralarında və elmi-tədqiqat qurumlarında keçəcəklər.
İctimaiyyətlə əlaqələr şöbəsi