Bakı Mühəndislik Universitetinin (BMU) tələbə və müəllim heyəti ilə Energetika Nazirliyi və tabeli qurumlarının - Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), həmçinin Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mütəxəssisləri arasında onlayn görüş keçirilib.
Görüş energetika sahəsində təhsil alan tələbələrə faydalı ola biləcək informasiya resursları, o cümlədən sözügedən qurumlar və onların fəaliyyəti, iş imkanları barədə məlumatların çatdırılması məqsədi ilə təşkil olunub.
Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cahid Mikayılov, AERA-nın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağa Hacızadə təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, o cümlədən yanacaq-energetika sahəsində dövlət siyasəti, enerji təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər, xidmət sahələri və s. haqda ətraflı məlumat veriblər.
AERA-nın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Təhminə Paşayeva Energetika Nazirliyinin və AERA-nın rəsmi internet resursları, sosial şəbəkə səhifələri üzrə təqdimatla çıxış edib, saytların funksiyaları, orada yer alan zəruri informasiyaları tələbələrin diqqətinə çatdırıb.
Bundan başqa, Energetika Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsinin sektor müdiri Xəyalə Qurbanova karyera planlaşdırılması və iş axtarma yolları istiqamətində danışıb.
BMU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri, professor Ramiz Hümbətovun da iştirak etdiyi görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi