Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup tələbəsi Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsində iştirak edib.
Müsabiqəyə 63 inzibati ərazi vahidindən müraciət etmiş 1372 gənc arasından seçilən 120 nəfərin sırasında BMU-nun II kurs tələbələri Rəvan Hacıyev (Mühəndislik fakültəsi), Cavad Məmmədli (Memarlıq və inşaat fakültəsi), Aytac İsayeva (Pedaqoji fakültə), Gülay Həsənzadə (Mühəndislik fakültəsi), Gülcahan Abdullayeva (Memarlıq və İnşaat fakültəsi) Elvin Həsənov (Mühəndislik fakültəsi), Reyhan Muradova (İqtisadiyyat və idarəetmə fakültəsi), Ayxan Əliyev (Mühəndislik fakültəsi) və Memarlıq və İnşaat fakültəsinin IV kurs tələbəsi, BMU “YENİ Klub”un rəhbəri Adəm Babayev yer alıb.
Müsabiqə iştirakçıları 30 fərqli komandada 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıb.
Fərqli komandalarda yarışan BMU tələbələrindən Elvin Həsənovun (Mühəndislik fakültəsi) rəhbərlik etdiyi “Zəfər” komandası müsabiqənin üçüncüsü olub. Sonda qaliblər mükafatlandırılıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə YAP-ın gənc fəallarının innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılması məqsədi daşıyıb.
İctimaiyyətlə əlaqələr şöbəsi