Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin 3 tələbəsi “Gələcək təhsilli qızlarla gələcək!” adlı təqaüd proqramının qalibi olub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (“Technest” təqaüd proqramı) ilə “ARI” Beynəlxalq Dil və İmtahan Mərkəzinin birgə təşkilatçılığı çərçivəsində informasiya texnologiyaları ixtisasları üzrə IV kurs tələbə və bakalavriat məzunu olan qızlar üçün nəzərdə tutulan təqaüd proqramı onların xaricdə magistratura səviyyəsi üzrə təhsilinə dəstək vermək məqsədi daşıyır.
Təqaüd proqramına ümumilikdə 200-ə yaxın müraciət daxil olub. Seçim mərhələlərini uğurla keçən 13 nəfər arasında BMU-nun 3 tələbəsi yer alıb. Uğur qazanan BMU tələbələrinin ikisi-Surabəyim Şıxaliyeva informasiya texnologiyaları ixtisası (IV kurs kurs, Azərbaycan dili bölməsi), Jalə Həşimli isə kompüter mühəndisliyi ixtisası (IV kurs kurs, ingilis dili bölməsi) üzrə təhsil alır. Digər qalib-Nəzrin Səlimzadə isə BMU-nun kompüter mühəndisliyi ixtisasının (ingilis dili bölməsi) məzunudur.
“ARI” Beynəlxalq Dil və İmtahan Mərkəzində keçirilən qaliblərin mükafatlandırılma tədbirində BMU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev iştirak edib.
Qeyd edək ki, təqaüd proqramı “ARI” Beynəlxalq Dil və İmtahan Mərkəzində alman və ya ingilis dili üzrə kurslara cəlb olunmaqla müvafiq beynəlxalq dil sertifikatlarının alınması, eləcə də nüfuzlu xarici ali təhsil müəssisələrinə müraciətlərin edilməsi və qəbul məktublarının alınması kimi istiqamətləri əhatə edir.
İctimaiyyətlə əlaqələr şöbəsi