Bakı Mühəndislik Universitetində (BMU) tələbələr arasında ingilis dilində “Spelling Bee” adlı söz yarışının final mərhələsi keçirilib.
Universitetin İngilis dili kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışın məqsədi tələbələrin ingilis dilində söz ehtiyatını zənginləşdirmək və bu sahədə bacarıqlarını inkişaf etdirməkdir.
İngilis dili kafedrasının baş müəllimi Sevda Hüseynovanın layihə rəhbəri olduğu yarışın seçim mərhələlərində 2000-dən çox müxtəlif çətinlikli ingilis sözlərindən istifadə edilib. Müxtəlif ixtisasları təmsil edən 20 tələbə bu mərhələlərdən uğurla keçərək finala vəsiqə qazanıb.
Final mərhələsində tələbələrin cavabları münsiflər heyəti (ingilis dili kafedrasının müdiri Nərrminə Əliyeva, müəllimlər Aysel Soltanova, Tamara Atakişiyeva, Xanım Cəfərli, Zülfiyyə Yusubova) tərəfindən qiymətləndirilib.
Nəticələrə görə, informasiya təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Vasim Bayramov I, informasiya texnologiyaları ixtisasının I kurs tələbələri - Nihat Qəribov II, Fidan Umudova III yerin qalibi olublar. Yarışda fərqlənən informasiya texnologiyaları ixtisasının digər tələbələri-Adil Həsənov (I kurs) və Gülər Həmzəyeva (II kurs) həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi