Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının iclası keçirilib. Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni şanlı tarixinin növbəti səhifəsi yazılır. Rektor bildirib ki, mənfur düşmənin heç bir insanlığa sığmayan təcavüzkar əməllərinə, mülki əhalimizə qarşı müxtəlif cinayətlər törətməsinə baxmayaraq Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurur, uğurla irəliyə gedərək əzəli torpaqlarımızı işğaldan azad edir. Bundan sonra da Azərbaycan Ordusunun öz missiyasını uğurla icra edəcəyini, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əmin olduğunu vurğulayan rektor Havar Məmmədov Vətən uğrunda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
İclasda qeyd olunub ki, Azərbaycan Ordusunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəm olmasına və hərtərəfli təmin edilməsinə baxmayaraq, respublikada fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər, bütövlükdə ölkə ictimaiyyəti orduya hərtərəfli dəstək göstərir, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər köçürürlər. Azərbaycan ərazisinin bütövlüyü və təhlükəsizliyi naminə Ordumuza dəstək məqsədilə mövcud vəziyyətdə atılan bu addımlar çox vacibdir.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülməsi barədə yekdil qərar qəbul olunub.
Daha sonra iclasda gündəlikdə duran digər məsələlər müzakirə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi