Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi kafedrasının dosentləri Rauf Məmmədov və Bəxtiyar Namazovun rəhbərliyi ilə tələbələr Abşeron Logistika Mərkəzində istehsalat təcrübəsində olublar.
Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələrinə mərkəzin fəaliyyəti barədə geniş məlumat verilib. Onlar mərkəzin inzibati binası, ərazisi, anbarları, iş prosesində istifadə edilən texnika və avadanlıqlar, müasir infrastruktur qurğuları ilə yaxından tanış olublar. Tələbələrə, həmçinin, logistik proseslərdə istifadə olunan zəruri sənəd nümunələrini nəzərdən keçirməyə şərait yaradılıb, eyni zamanda tələbələri maraqlandıran suallar cavablandırılıb.
BMU-da artıq 2017/2018-ci tədris ilindən başlayaraq “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə Azərbaycan və rus bölmələrinə tələbələr qəbul olunur. Tədris prosesində ən müasir informasiya texnologiyaları, müasir elmi-praktiki və texniki ədəbiyyat və digər əyani vasitələr istifadə edilir. Sırf spesifik fənlərlə yanaşı, logistika və nəqliyyat sahələri üçün çox vacib olan nəqliyyat hüququ, nəqliyyat ekologiyası, nəqliyyatda sığorta, gömrük işi və s. kimi fənlərin öyrədilməsi bu sahələrdə də mütəxəssis kimi formalaşmağa zəmin yaradır. Onu da bildirək ki, BMU-da bu sahədə yüksək keyfiyyətli mütəxəssis hazırlanması üçün yaxşı maddi-texniki baza, elmi-pedaqoji kadrlar, tədris-metodiki imkanlar, şirkətlərlə əlaqə, xüsusilə beynəlxalq əlaqələr mövcuddur. Bu sahədə yüksəkixtisaslı mütəxəssis olmaq istəyən gənclər üçün BMU-da geniş perspektivlər açılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi