BMU-nun rektoru tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb

22 Sentyabr 2023
BMU-nun rektoru tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatları və klublarının rəhbərləri ilə görüşüb.

Tələbələri salamlayan Yaqub Piriyev Ulu Öndər Heydər Əliyevin daima gənclərə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Eyni zamanda, müdrik dövlət xadiminin sağlam düşüncəli, bilikli, güclü vətənpərvərlik hisslərinə malik yeni nəslin yetişdirilməsi sahəsində gördüyü misilsiz işləri diqqətə çatdırıb. Bu siyasəti uğurla gerçəkləşdirən Prezident cənab İlham Əliyevin təhsil sahəsi, gənclərlə bağlı imzaladığı müxtəlif dövlət proqramlarından, fərman və sərəncamlardan söz açan rektor dövlət səviyyəsində görülən işlər nəticəsində Azərbaycanda Vətənə bağlı, savadlı gənc nəslin yetişdiyini deyib.

Tələbələrə yeni dövrün çağırışlarına uyğun formalaşmaq üçün daha səylə, əzmlə çalışmalarını tövsiyə edən rektor onları açıq, fəal diskussiyaya dəvət edib.

Görüşdə tələbələrin müxtəlif istiqamətlər üzrə rəy və təklifləri dinlənilib, onların qaldırdıqları problemlərin bir qismi yerindəcə öz həllini tapıb. Digər məsələlərlə bağlı zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Müzakirə zamanı tələbələr onlara göstərilən diqqətə və yaradılan səmimi atmosferə görə minnətdarlıqlarını bildiriblər.

Sonda Yaqub Piriyev hazırda  BMU-da mövcud olan 20 tələbə klubunun və 4 tələbə təşkilatının öz fəaliyyətlərini gücləndirməsinin, yeni layihə və yanaşmaların ortaya qoyulmasının vacibliyini vurğulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər