Bakı Mühəndislik Universitetində (BMU) 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası onlayn formada öz işinə başlayıb.
BMU-nun rektoru, professor Havar Məmmədov və universitetin digər rəhbər şəxsləri imtahanların gedişatını izləyib. Rektor koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq imtahanların distant formada elektron təhsil platforması üzərindən təşkil edildiyini bildirib və bunun üçün elektron universitet olan BMU-da bütün texniki imkanların yaradıldığını vurğulayıb.
Rektor qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndiriləcəyinə əminliyini bildirən Havar Məmmədov imtahanda iştirak edən bütün tələbələrə uğurlar arzulayıb.
İmtahan sessiyası başlanmazdan əvvəl imtahanların distant formada onlayn təşkili və nəzarəti, həmçinin iştirak prosesi ilə bağlı müvafiq işlər görülüb. Eyni zamanda, müəllimlər, inzibati işçilər və tələbələr üçün müvafiq video təlimatlar, metodiki tövsiyələr, vizual materiallar hazırlanıb və təlimlər təşkil olunub. Hal-hazırda da BMU-nun Distant Təhsil və Keyfiyyətin Təminatı mərkəzi tərəfindən tələbə və müəllimlərə sessiya müddətində operativ onlayn texniki dəstək xidməti göstərilir.
Qeyd edək ki, bu gün başlanan imtahan sessiyası 4 həftə davam edəcək. Sessiya dövründə universitet rəhbərliyi başda olmaqla Distant Təhsil və Keyfiyyətin Təminatı mərkəzi tərəfindən imtahanlara mütəmadi onlayn nəzarət həyata keçiriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi