BMU-nun rektoru Havar Məmmədov “Gələcək üçün bacarıqlar” layihəsində uğur qazanan tələbələrlə görüşüb

06 İyul 2023
BMU-nun rektoru Havar Məmmədov “Gələcək üçün bacarıqlar” layihəsində uğur qazanan tələbələrlə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “Vooshii” komandası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə keçirilmiş “Gələcək üçün bacarıqlar” layihəsində III yerə layiq görülüb.

Universitetin rektoru, professor Havar Məmmədov sözügedən layihədə uğurla çıxış edən müəllim və tələbələrlə görüşüb.

Məlumat üçün bildirək ki, ötən gün layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “100 illiyin gələcəyi” adlı tədbir keçirilib və qaliblər mükafatlandırılıb. Müxtəlif dövlət qurumlarının nümayəndələri, sahə üzrə peşəkar mentorlar, təlimçilər və digər qonaqların iştirak etdiyi tədbirdə adıçəkilən Agentliyin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev və başqaları çıxış ediblər. Tədbir çərçivəsində  rektor Havar Məmmədova innovasiya ekosisteminə dəstək olan universitet rektoru kimi “Səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

BMU komandasının üzvləri ilə görüşdə Havar Məmmədov əsas məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi olan “Gələcək üçün bacarıqlar” layihəsinin önəmindən danışıb. Rektor innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri kimi hədəfləri qarşısına qoyan layihədə “Vooshii” ilə yanaşı, BMU tələbələrindən ibarət digər komanda - “Təmiz Xəzər”in startup ideyası ilə çıxış etdiyini bildirib. Tələbələri, həmçinin layihənin “Mentorluq” proqramını müvəffəqiyyətlə başa vuran universitetin Pedaqoji fakültəsinin  müəllimi Nərmin İsmayılovanı təbrik edən Havar Məmmədov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə II Tusi İnkubasiya proqramının startapı olan ”Vooshii”nin ideya müəllifi və eyniadlı komandanın rəhbəri, BMU-nun Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə (tədris ingilis dili) tələbəsi Kəklik Hacıyeva layihənin böyük maraqla qarşılandığını qeyd edib. BMU tələbəsi komandanın digər üzvləri, eyni zamanda qurğu haqda ətraflı məlumat verib.

Sonda tələbələrin gələcək layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər